Avropa İttifaqında 1 avqustdan qüvvəyə minən yeni texniki standart mobil cihaz istehsalçılarına telefonların yükləyici (bootloader) kilidini bağlamağı məcburi edir.
Redaksiya xəbər verir ki, yeni qaydalara əsasən yükləyicinin kilidini açmağa icazə verilməyən cihazlarda:
- Yan tərəfdən proqram quraşdırmaq mümkün olmayacaq;
- Root hüquqları tamamilə məhdudlaşdırılacaq;
- Fərdi (custom) əməliyyat sistemi yığımları cihaz səviyyəsində bloklanacaq.
Qaydalara əməl etməyən cihazlar Aİ bazarına buraxılmayacaq. Bu isə Android-in fərdiləşdirilə bilən açıq imkanlarını ciddi şəkildə məhdudlaşdırır və onu funksionallıq baxımından iOS-a yaxınlaşdırır.
Artıq bəzi şirkətlər bu tələbləri tətbiq etməyə başlayıb. Məsələn, Samsung “bootloader unlock” funksiyasını bağlayıb. Ekspertlər hesab edir ki, yaxın zamanda Xiaomi və Google da oxşar addımlar ata bilər.
Mütəxəssislər bu qərarı “Android-in azad, açıq və fərdiləşdirilə bilən dövrünün sonu” kimi qiymətləndirirlər.
Fərid Əlizadə
