“Hazırda səhiyyə sahəsində problemlərin həlli ilə bağlı səhiyyə naziri Anar Bayramovun tapşırığına uyğun olaraq tədbirlər planı hazırlanır”.
Bunu səhiyyə nazirinin müavini Rasim İsmayılov Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin bu gün keçirilən birgə iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.
“Bu tədbirlər planında da deputatların qaldırdığı məsələlər yer alıb. İlkin olaraq, ambulator xəstələrin dərman vasitələri ilə təmin olunması istiqamətində qanunvericilikdə dəyişiklik olunub. Həmin dərman vasitələrinin ambulator şəraitdə müalicə alan xəstələrə ötürülməsi üçün qaydalar hazırlanır. Bu qaydalara əsasən, həmin dərman vasitələrinin pərakəndə aptek təşkilatlarından satışının təmin olunması üçün qaydalar tətbiq olunduqdan sonra növbəti ildən bunu təmin etməyi bacaracağıq. Bundan başqa, səhiyyə nazirinin tapşırığına uyğun olaraq, tədbirlər planına ilkin səhiyyə xidməti, onkologiyanın xidmətlər zərfinə daxil edilməsi və s. məsələlər daxil edilib”, - nazir müavini qeyd edib.
Qafqazinfo
