İlk dəfə 2006-cı ildə keçirilən Gənc Oftalmoloqlar Konfransı (GOK) ötən 20 il ərzində ölkəmizdə gənc mütəxəssislərin elmi və peşəkar inkişafına xidmət edən mühüm elmi ənənələrdən birinə çevrilib. Bu müddət ərzində konfrans mütəmadi olaraq təşkil edilmiş, müxtəlif nəsillərdən olan oftalmoloqlar arasında elmi ünsiyyət, təcrübə mübadiləsi və peşəkar əməkdaşlıq üçün geniş imkanlar yaratmışdır.
Vaxtilə bu konfransların iştirakçısı və məruzəçisi olmuş gənc oftalmoloqlar bu gün artıq ölkəmizin aparıcı mütəxəssisləri kimi fəaliyyət göstərir, beynəlxalq elmi toplantılarda Azərbaycan oftalmologiyasını layiqincə təmsil edir, eyni zamanda yeni nəsil həkimlərin yetişməsinə töhfə verərək bu gözəl ənənəni davam etdirirlər. Bu baxımdan, Gənc Oftalmoloqlar Konfransı yalnız elmi tədbir deyil, həm də Azərbaycan oftalmologiyasında nəsillərarası elmi varisliyin və davamlı inkişafın mühüm atributudur.
Azərbaycan oftalmologiyasının gələcəyini formalaşdıran gənc mütəxəssislər üçün mühüm elmi əməkdaşlıq mühiti yaradan Gənc Oftalmoloqlar Konfransı bu ənənənin davamı olaraq təşkil edilir, gənc həkimlərin bilik və təcrübə mübadiləsinə, elmi potensiallarının üzə çıxarılmasına və peşəkar əlaqələrinin genişləndirilməsinə şərait yaradır.
Oftalmologiyamızın gələcəyini təmsil edən gənc mütəxəssislər daim Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin rəhbərliyinin və Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin diqqət mərkəzindədir. Gənc oftalmoloqların beynəlxalq standartlara uyğun bilik və bacarıqlara malik mütəxəssislər kimi formalaşması, onların elmi və klinik təcrübəsinin zənginləşdirilməsi, yeni nəsil həkimlərin inkişafı üçün əlverişli şəraitin yaradılması bu istiqamətdə həyata keçirilən fəaliyyətin əsas prioritetlərindəndir. Hər il təşkil olunan Gənc Oftalmoloqlar Konfransı da məhz bu məqsədlərə xidmət edən mühüm elmi tədbirlərdən biri kimi öz əhəmiyyətini qoruyub saxlayır.
Azərbaycan Gənc Oftalmoloqlarının XVIII Konfransı və IV Forumu 30 oktyabr 2026-cı il tarixində Bakıda, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində keçirildi. Builki konfrans Azərbaycan oftalmologiyasının inkişafında müstəsna xidmətləri olmuş professor Nazim Əfəndiyevin xatirəsinə həsr edilmişdi.
Professor Nazim Əfəndiyev uzun illər ərzində elmi və klinik fəaliyyəti ilə oftalmologiyanın müxtəlif sahələrinin inkişafına mühüm töhfələr vermiş, çoxsaylı həkimlərin peşəkar formalaşmasında böyük rol oynamışdır. Yüksək peşəkarlığı, zəngin elmi irsi, cərrahi fəaliyyəti və özünəməxsus müəllimlik məktəbi ilə yadda qalan görkəmli alim və cərrahın oftalmologiyaya verdiyi töhfələr bu gün də yeni nəsil mütəxəssislər üçün örnək olaraq qalır.
Konfransın açılış mərasimində giriş nitqi ilə Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru, professor Elmar Qasımov çıxış etdi. Açılış mərasimi zamanı Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin Gənc Oftalmoloqlar Komitəsinin koordinatoru Emin Əlihüseynli komitənin təsis edilməsi, gənc mütəxəssislərin komitənin fəaliyyətinə cəlb olunması və qarşıda duran gələcək hədəflər barədə iştirakçılara məlumat verdi.
Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin İdarə Heyətinin üzvləri t.e.d. Hicran Namazova və t.e.d. Rəna Ağayeva, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Uşaqlarda gözün patologiyası bölməsinin mütəxəssisi t.ü.f.d. Nübar Haşımova və Qlaukoma bölməsinin mütəxəssisi t.ü.f.d. Aybəniz Əhmədova, həmçinin Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin Gənc Oftalmoloqlar Komitəsinin İdarə Heyətinin üzvü Rəvanə Həsənova professor Nazim Əfəndiyevin həyat və fəaliyyətindən, onun zəngin elmi irsindən və Azərbaycan oftalmologiyasının inkişafına verdiyi töhfələrdən bəhs etdilər.
Tədbirin əlamətdar məqamlarından biri professor Nazim Əfəndiyevin 100 illik yubileyi münasibətilə təsis edilmiş xatirə medalının təqdim olunması idi. Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədri professor Elmar Qasımov medalı simvolik olaraq professor Nazim Əfəndiyevin oğlu Mirhəmzə Əfəndiyevə təqdim etdi.
“Professor Nazim Əfəndiyev adına Cərrahi İnnovasiyalar Medalı” növbəti ildən etibarən göz cərrahiyyəsi sahəsində mühüm nailiyyətlər əldə etmiş gənc oftalmoloq-cərrahlara təqdim olunacaq. Medalın təsis edilməsində əsas məqsəd professor Nazim Əfəndiyevin zəngin cərrahi irsini yaşatmaq, onun peşəkarlıq və novatorluq prinsiplərini gələcək nəsillərə ötürmək, gənc oftalmoloq-cərrahlar arasında cərrahi ustalığı, elmi yaradıcılığı və innovativ yanaşmaları təşviq etməkdir.
Açılış mərasiminin bədii hissəsi professor Nazim Əfəndiyevin həyatını və elmi irsini əks etdirən qısametrajlı filmin nümayişi ilə başa çatdı.
Konfransın müxtəlif elmi sessiyalarına t.ü.f.d. Mirana Mirişova, Rəvanə Həsənova, Xuraman Ramazanova, Ülkər Şükürova, Humay Bayramova, Gülnar Əliyeva, Lalə Məmmədova, Dinarə Tağıyeva, Lamiyə Həsənzadə, Günay Rüstəmbəyova, Valeh Bağırov, Olqa Venediktova, t.e.d. Tural Qəlbinur, t.e.d. Polad Məhərrəmov, Ayan Məmmədxanova və Mədinə Fərziyeva moderatorluq edirdilər.
Tədbirin elmi proqramı oftalmologiyanın müasir problemlərini, innovativ cərrahi və diaqnostik metodları, süni intellektin göz xəstəliklərinin diaqnostikasında tətbiqini, müxtəlif klinik halları və digər aktual mövzuları əhatə edirdi. Ülkər Şükürova, İlhan Çağrı, Xuraman Ramazanova, Nərgiz Dəmirçiyeva, Dinarə Tağıyeva, Valeh Bağırov, Nigar Haqverdiyeva, Fidan Rəsulova, Əziz Mehtiyev, Əliəkbər Möhsünzadə, Ülviyyə Əsgərova (Türkiyə), Umay Güvenç (Türkiyə), Əminə Abdullayeva, Olqa Venediktova (Ukrayna), Fidan Camalova, Fəridə Haşımlı, Ayşən Əliyeva (Almaniya), Atanas Bogoev (Almaniya) və Grayson Armstrong (ABŞ) müxtəlif mövzularda məruzələrlə çıxış etdilər.
Konfrans çərçivəsində ikinci dəfə olaraq “Gənc Retina Mütəxəssislərinin Klubu” təşkil olundu. Klubun əsas məqsədi gənc retina mütəxəssislərinin klinik praktikada qarşılaşdıqları maraqlı və mürəkkəb halların müzakirəsi, onların diaqnostik və müalicəvi yanaşmalarının təkmilləşdirilməsi üçün interaktiv elmi mühit yaratmaq idi. Günay Rüstəmbəyova, Gülnar Əliyeva və Lalə Məmmədovanın moderatorluğu ilə keçirilən sessiyada Ülkər Şükürova, Aynur İsmayılova, Fəridə Haşımlı, Aysel Əliyeva, Valeh Bağırov və Əminə Abdullayeva tərəfindən müxtəlif klinik hallar təqdim olundu. Təqdimatlar ətrafında aparılan müzakirələr zamanı düzgün diaqnostik yanaşmalar və müasir klinik tövsiyələr diqqətə çatdırıldı. Bu format gənc həkimlərin klinik təfəkkürünün inkişafı, mürəkkəb halların təhlili və praktiki biliklərinin zənginləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyırdı.
Bu il konfrans çərçivəsində ilk dəfə olaraq “Bir əməliyyat, iki baxış” adlı video-debat sessiyası təşkil edildi. Sessiyada t.e.d. Tural Qəlbinur, t.e.d. Polad Məhərrəmov və Sevda Hümmətova gənc həmkarları Ayan Məmmədxanova, Lalə Məmmədova və Mədinə Fərziyeva ilə birlikdə cərrahi videolarını nümayiş etdirdilər. Sessiyanın əsas məqsədi təcrübəli və gənc cərrahların eyni klinik və cərrahi vəziyyətlərə fərqli yanaşmalarını müqayisə etmək, mürəkkəb əməliyyat mərhələlərini müzakirə etmək və gənc mütəxəssislərin təcrübəli həmkarlarının rəy və tövsiyələrindən faydalanmasına imkan yaratmaq idi. Bu interaktiv format cərrahi təcrübənin paylaşılması və müxtəlif əməliyyat strategiyalarının müzakirəsi baxımından konfransın maraqlı yeniliklərindən biri oldu.
Hər il təşkil olunan Azərbaycan Gənc Oftalmoloqlarının Forumu Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru, əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü, t.e.d., professor Elmar Qasımovun dəstəyi ilə keçirilir. Forumun əsas məqsədi gənc mütəxəssislərin qarşılaşdıqları problemlərin həllinə dəstək olmaq, beynəlxalq oftalmoloji təşkilatların və elmi resursların gənclərin peşəkar inkişafına yönəlmiş imkanlarını onların diqqətinə çatdırmaq, eləcə də praktik oftalmologiyada fəaliyyətə yeni başlayan həkimlərin bilik və bacarıqlarının inkişafına töhfə verməkdir. Azərbaycan Gənc Oftalmoloqlarının IV Forumu bu il “Oftalmologiya və lazerlər” mövzusuna həsr olunmuşdu. Forumun əsas məqsədi lazer texnologiyalarının müasir oftalmologiyada tətbiq imkanlarını gənc mütəxəssislərin diqqətinə çatdırmaq, onların klinik praktikada və elmi tədqiqatlarda rolunu müzakirə etmək, eyni zamanda innovativ texnologiyaların tətbiqində müasir yanaşmaların əhəmiyyətini vurğulamaq idi.
Forum çərçivəsində müasir lazer avadanlıqları və onların oftalmologiyanın müxtəlif sahələrində, o cümlədən refraktiv cərrahiyyədə, torlu qişa xəstəliklərinin müalicəsində və qlaukoma terapiyasında tətbiq imkanları müzakirə olundu. Panel müzakirələri və interaktiv sessiyalar gənc oftalmoloqlara lazer texnologiyalarının iş prinsiplərini, klinik tətbiq xüsusiyyətlərini və müasir müalicə strategiyalarındakı yerini daha dərindən öyrənmək imkanı yaratdı.
İki saat davam edən forumun müxtəlif sessiyalarına t.ü.f.d. Mirana Mirişova, Aygün Nəbiyeva, t.ü.f.d. Xalid Əliyeva, Anar Rəhimov, t.ü.f.d. Mətanət Əfəndiyeva və Məhərrəm Pirmətov moderatorluq etdilər.
Gənc oftalmoloqların marağına səbəb olan aktual mövzular Ülkər Feyzullayeva, Nigar Haqverdiyeva, Nərgiz Abdullayeva, Aynur Ağayeva, Əminə Abdullayeva, Səidə Səfərova, Könül Əliyeva və Fəridə Müzəffərli tərəfindən təqdim edildi.
Forum gənc mütəxəssislər üçün lazer texnologiyalarının müasir oftalmologiyadakı yerini daha dərindən anlamaq, elmi və praktiki təcrübə mübadiləsi aparmaq, gələcək peşə fəaliyyətlərində innovativ texnologiyalardan səmərəli istifadə bacarıqlarını inkişaf etdirmək baxımından əhəmiyyətli elmi toplantı oldu.
Dostluq və qardaşlıq atmosferində keçən konfrans yalnız zəngin elmi proqramı ilə deyil, həm də iştirakçılar arasında yeni peşəkar əlaqələrin qurulmasına və mövcud əməkdaşlıqların möhkəmlənməsinə şərait yaradan sosial proqramı ilə yadda qaldı. Müxtəlif ölkələrdən olan mütəxəssislərin iştirakı tədbirin beynəlxalq elmi əməkdaşlıq imkanlarını daha da genişləndirdi.
Konfransın mühüm xüsusiyyətlərindən biri onun təşkilində gənc mütəxəssislərin fəal iştirak etməsi idi. Bu, gənclərin yalnız elmi tədqiqatlarda və klinik praktikada deyil, həm də beynəlxalq standartlara cavab verən elmi tədbirlərin planlaşdırılması, təşkili və idarə olunmasında mühüm rol oynadıqlarının göstəricisidir. Belə təşəbbüslər gənc oftalmoloqlarda liderlik keyfiyyətlərinin, təşkilatçılıq bacarıqlarının və komanda işinin inkişafına da töhfə verir.
Gənc Oftalmoloqlar Konfransı illər ərzində formalaşmış ənənələri qorumaqla yanaşı, hər il yeni ideyalar, elmi formatlar və əməkdaşlıq imkanları ilə zənginləşir. Bu tədbir Azərbaycan oftalmologiyasında gənc nəslin elmi potensialının üzə çıxarılması, təcrübəli mütəxəssislərlə gənc həkimlər arasında bilik və təcrübə mübadiləsinin gücləndirilməsi, beynəlxalq elmi inteqrasiyanın genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Gənc oftalmoloqların növbəti konfransı 29 oktyabr 2027-ci il tarixində Bakıda, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində keçiriləcək. Rəsmi şüarı “Göz xəstəlikləri və müasir farmakologiya” olacaq növbəti konfrans tanınmış oftalmoloq-alim, professor Qəmər Polçayeva-Adıgözəlovanın xatirəsinə həsr ediləcək.

Azərbaycan Gənc Oftalmoloqlarının XVIII Konfransı və IV Forumu keçirildi - FOTOLAR
Aytac Dəniz · Səhiyyə ·