Anthropic-in baş direktoru Dario Amodey süni intellekt infrastrukturu üçün həddindən artıq böyük maliyyə öhdəliklərinin şirkəti ciddi risk qarşısında qoya biləcəyini bildirib. O, 2026-cı ilin sonunda gəlirin 100 milyard, 2027-ci ilin sonunda isə 1 trilyon dollara çatacağı fərziyyəsi ilə hesablama gücünə eyni miqyasda sərmayə qoymağın təhlükəli olduğunu deyib. Bu barədə Fortune məlumat yayıb.
Redaksiya istinadla xəbər verir ki, Amodey Anthropic-in gəlirlərinin hər il 10 dəfə artmağa davam edəcəyi ehtimalını nümunə kimi göstərib. Onun sözlərinə görə, şirkət bu proqnoza əsaslanaraq 2027-ci ildən etibarən ildə 1 trilyon dollarlıq hesablama gücü alsa, lakin gəlir 1 trilyon deyil, məsələn 800 milyard dollar səviyyəsində qalsa, bu qədər böyük öhdəliyi kompensasiya edəcək maliyyə müdafiəsi tapmaq mümkün olmayacaq.
Amodey vurğulayıb ki, problem gəlirin 1 trilyon dollara çatmamasının özü deyil, bu gəlir gözləntisinə əsaslanaraq əvvəlcədən həddindən artıq böyük hesablama infrastrukturu sifariş etməkdir. O, artım tempinin 10 dəfə deyil, 5 dəfə olması və ya gözlənilən sıçrayışın bir il gecikməsi halında belə belə aqressiv sərmayə strategiyasının şirkəti müflis edə biləcəyini deyib.
Anthropic rəhbəri buna görə şirkətin hesablama gücü alışlarında daha ehtiyatlı davrandığını bildirib. Onun fikrincə, süni intellekt şirkətləri gələcək tələbi düzgün qiymətləndirə bilməsələr, çoxillik data mərkəzi və çip öhdəlikləri maliyyə baxımından dağıdıcı nəticələr yarada bilər.
