Amerikalı jurnalist Kendis Ouens Fransa Prezidenti Emmanuel Makronun həyat yoldaşı Bricit Makronla bağlı apardığı araşdırma fonunda müxtəlif ittihamlarla üzləşdiyini “İzvestiya”ya bildirib.
Redaksiya istinadla xəbər verir ki, Ouens araşdırması zamanı onun “Rusiya ilə əlaqələri” barədə iddiaların ortaya atıldığını və bəzi özəl detektivlərin bu istiqamətdə dəlil axtardığını deyib. Jurnalist baş verənləri “gülünc” adlandırıb.
Ouensin sözlərinə görə, araşdırmaya başlamaq ideyası təsadüfən yaranıb. O bildirib ki, bir axşam telefonunda Daily Mail-in Emmanuel Makronun həyat yoldaşı ilə bağlı yayılan iddiaları təkzib etdiyi məqaləsinə rast gəlib və xarici ölkə prezidentinin belə ittihamları şəxsən təkzib etməsini qəribə hesab edib.
Jurnalist daha sonra Bricit Makronun ailə fotolarını araşdırdığını və uşaqlıq, yeniyetməlik və yetkinlik dövrünə aid görüntülər arasında suallar yaratdığını iddia edib. Ouens, həmçinin Bricit Makronun həyatının təxminən 20 illik dövrünə dair açıq fotoların az olduğunu bildirib.
Bununla belə, Ouensin səsləndirdiyi iddialar rəsmi şəkildə sübut olunmayıb. Emmanuel və Bricit Makron tərəfi bu iddiaları dəfələrlə rədd edib və onları əsassız şayiə kimi qiymətləndirib.
Ouens isə Fransa mediasının mövzuya sərt reaksiyasını öz iddialarının araşdırılmasına maneə kimi təqdim edir. Onun sözlərinə görə, ictimaiyyətin suallarına cavab verilməli, hökumət və media isə mövzunu aqressiv şəkildə bağlamağa çalışmamalıdır.
