Alphabet şirkəti Google-un artan süni intellekt (Sİ) ehtiyaclarını qarşılamaq məqsədilə təmiz enerji sahəsində fəaliyyət göstərən Intersect Power-ı satın aldığını açıqlayıb. Sövdələşmənin dəyəri, şirkətin borcları da nəzərə alınmaqla, 4,75 milyard dollar nağd vəsait təşkil edir və bu, texnologiya nəhənginin son illərdəki ən iri alışlarından biri sayılır.
Redaksiya xəbər verir ki, bu addım Google-un məlumat mərkəzlərinin sürətlə artan enerji tələbatını təmin etməyə yönəlib. ABŞ-da köhnəlmiş enerji şəbəkələri Sİ-nin inkişafı, yeni sənaye istehsalı və ümumi elektrikləşmə fonunda yaranan yüksək tələbi qarşılamaqda çətinlik çəkir.
Intersect Power TPG investisiya şirkətinin dəstəyi ilə külək və günəş elektrik stansiyalarının inkişafı ilə məşğuldur. Şirkətin saytında yer alan məlumata görə, ABŞ-da istismarda olan və ya tikinti mərhələsindəki aktivlərinin ümumi dəyəri təxminən 15 milyard dollar olaraq qiymətləndirilir.
