Almaniyada əhalinin yaşlanması sürətlənir və gənclərin ümumi əhali içində payı tarixi minimum səviyyədə qalır. 15-24 yaş aralığında olan şəxslər ölkə əhalisinin cəmi 10 faizini təşkil edir. Bu barədə Handelsblatt məlumat yayıb.
Redaksiya istinadla xəbər verir ki, hazırda Almaniyada təxminən 8,3 milyon gənc yaşayır. Gənclərin əhali içindəki payı 2020-ci illərin əvvəllərindən bəri minimum səviyyədə qalır və ölkənin demoqrafik qocalmasının əsas göstəricilərindən biri hesab olunur.
Ən aşağı göstəricilər keçmiş Almaniya Demokratik Respublikasının ərazisində yerləşən federal torpaqlarda qeydə alınıb. Brandenburqda gənclərin payı 8,8 faiz, Meklenburq-Ön Pomeraniyada və Saksoniya-Anhaltda 9,1 faiz, Türingiyada isə 9,2 faiz təşkil edir.
Müqayisə üçün, 1983-cü ildə 15-24 yaşlı gənclər indiki Almaniya ərazisinin əhalisinin 16,7 faizini təşkil edirdi. Hazırda ölkənin 10 faizlik göstəricisi Avropa İttifaqı üzrə 10,7 faizlik orta səviyyədən də aşağıdır.
