Albaniyanın İsraildə mövqeyi və sərt mesajlar

Albaniyanın İsraildə mövqeyi və sərt mesajlar

Sevinc Kərimova · Siyasət ·

Albaniyanın Baş naziri Edi Rama İsrailə səfəri zamanı verdiyi açıqlamalarda ölkəsinin mövqeyini və Avropadakı bəzi proseslərə münasibətini açıq şəkildə ifadə edib. O bildirib ki, albanlar İsrailə qarşı nifrət mitinqlərində iştirak etməyib və qəzəblərini yəhudi ziyarətçilərə yönəltməyiblər.

Redaksiya xəbər verir ki, Edi Rama bunun Avropanın bir çox digər bölgələrində baş verən hadisələrlə kəskin ziddiyyət təşkil etdiyini vurğulayıb. Baş nazir qeyd edib ki, Albaniya antisemitizmə qarşı sarsılmaz mövqedə olduğu kimi, islamofobiyaya qarşı da eyni prinsipial mövqe tutur.

Edi Rama çıxışında girovlarla və onların ailələri ilə həmrəy olduqlarını, eyni zamanda HƏMAS-ı “neo-nasist qəssablar” adlandıraraq sərt tənqid etdiklərini bildirib. Onun sözlərinə görə, HƏMAS-ın hərəkətləri təkcə israillilər üçün deyil, uzun müddətdir fələstinli bacı və qardaşlar üçün də dözülməz əzablar gətirib.

Albaniya Baş naziri fələstinlilərin HƏMAS tərəfindən insanlıqdan çıxarıldığını, müharibə alətlərinə çevrildiyini və “insan ətindən ibarət müdafiə infrastrukturu” kimi istifadə edildiyini deyib. O, bunu barbarlıq tarixində görünməmiş hal kimi xarakterizə edib.

Edi Rama əlavə edib ki, son günlərdə “Xomeynizm odlarında” həyatını itirən saysız-hesabsız ruhlar üçün dua edərkən, Tehrandakı “qatillərin günlərinin sona çatacağına” dair ümid və inamlarını qoruyurlar.