Avropa İttifaqı ABŞ-ın Aİ mənşəli avtomobil və yük maşınlarına gömrük rüsumlarını artırmaq təhdidinə qarşı hər cür ssenariyə hazır olduğunu açıqlayıb. Brüssel Vaşinqtondan daha əvvəl əldə olunan ticarət razılaşmasına əməl etməsini istəyir.
Redaksiya Anadolu Agentliyinə istinadla xəbər verir ki, Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen bu açıqlamanı İrəvanda keçirilən Aİ-Ermənistan sammitindən sonra mətbuat konfransında verib. O bildirib ki, ABŞ-la əldə olunan razılaşmanın əsasında rifah, ortaq qaydalar və etibarlılıq dayanır.
Fon der Leyenin sözlərinə görə, hazırkı mərhələdə hər iki tərəf öz demokratik prosedurlarına hörmət edərək razılaşmanı icra etməlidir. O qeyd edib ki, Aİ tərəfi gömrük öhdəliklərinin yerinə yetirilməsi üzrə son mərhələdədir, ABŞ isə razılaşdırılmış bəzi öhdəlikləri hələ tamamlamayıb.
Aİ Şurasının Prezidenti Antonio Koşta da ticarət məsələsində səlahiyyətin Avropa Komissiyasında olduğunu bildirib. O, 27 üzv ölkənin Komissiyanın və fon der Leyenin işini tam dəstəklədiyini vurğulayıb.
ABŞ Prezidenti Donald Tramp daha əvvəl Aİ-ni ticarət razılaşmasına əməl etməməkdə ittiham edərək Avropa mənşəli avtomobil və yük maşınlarına tətbiq olunan gömrük rüsumunun 25 faizə qaldırılacağını açıqlamışdı.
