Ağdamın yenidən qurulması Böyük Qayıdış strategiyasının mühüm istiqamətidir - ŞƏRH

Ağdamın yenidən qurulması Böyük Qayıdış strategiyasının mühüm istiqamətidir - ŞƏRH

Aytac Dəniz · Siyasət ·

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən bərpa və quruculuq siyasəti ölkənin uzunmüddətli inkişaf strategiyasının mühüm tərkib hissəsidir.

Bu strategiyanın əsas istiqamətlərindən biri Qarabağın ən böyük yaşayış və iqtisadi mərkəzlərindən olan Ağdamın yenidən qurulmasıdır. 20 Noyabr – Ağdam şəhəri günü bu baxımdan yalnız tarixi hadisənin xatırlanması deyil, həm də dövlətimizin qarşıya qoyduğu strateji məqsədlərin qiymətləndirilməsi üçün əlamətdar tarixdir. Ağdamın 1993-cü ildə işğal edilməsi nəticəsində rayonun sosial-iqtisadi infrastrukturu ciddi dağıntılara məruz qalmışdır. Uzun illər doğma torpaqlarından uzaqda yaşayan ağdamlıların əsas arzusu öz evlərinə qayıtmaq və normal həyat şəraitinə qovuşmaq olmuşdur. 2020-ci ildə əldə edilən tarixi Qələbə bu arzunun gerçəkləşməsi üçün real imkanlar yaratmışdır. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Ağdamın bərpası sistemli planlaşdırma və müasir şəhərsalma prinsipləri əsasında həyata keçirilir. 2040-cı ilədək inkişafı nəzərdə tutan Baş Plan şəhərin gələcək sosial-iqtisadi simasını müəyyənləşdirən əsas sənəddir. Bu plana uyğun olaraq yaşayış məhəllələrinin, ictimai məkanların, təhsil və səhiyyə obyektlərinin yaradılması istiqamətində mühüm işlər görülür. Kəngərli, Xıdırlı və Sarıcalı kəndlərinin mərhələli şəkildə istifadəyə verilməsi kənd yaşayış məntəqələrinin də bərpasının real nəticələrini göstərir. Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin istifadəyə verilməsi bölgənin nəqliyyat imkanlarını əhəmiyyətli dərəcədə genişləndirir. Bu infrastruktur layihəsi şəhərin digər iqtisadi mərkəzlərlə əlaqələrinin gücləndirilməsinə və əhalinin rahat hərəkətinə xidmət edir.

Ağdam Sənaye Parkı isə yeni iqtisadi fəaliyyət sahələrinin formalaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır. Burada yaradılan müəssisələr istehsal potensialının artırılmasına, sahibkarlığın inkişafına və məşğulluğun genişləndirilməsinə şərait yaradır. Bölgədə turizm infrastrukturunun qurulması da Ağdamın gələcək iqtisadi imkanlarını artıran istiqamətlərdəndir. Tarixi İmarət Kompleksi, Şahbulaq qalası və digər mədəni irs nümunələri turizm baxımından mühüm resurs hesab olunur. Ağdam Muğam Mərkəzi isə şəhərin milli-mədəni həyatının bərpasına və ənənələrin yaşadılmasına xidmət edir. Böyük Qayıdışın uğuru yalnız yaşayış evlərinin tikilməsi ilə deyil, insanların dayanıqlı həyat və əmək şəraiti ilə təmin olunması ilə ölçülür. Buna görə də yeni iş yerlərinin yaradılması, təhsil və səhiyyə xidmətlərinin əlçatanlığı xüsusi əhəmiyyət kəsb edir.

Ağdamda həyata keçirilən layihələr dövlətin iqtisadi imkanlarının və işğaldan azad edilmiş ərazilərin inkişafına yönəlmiş siyasi iradəsinin göstəricisidir. Beləliklə, Ağdamın yenidən qurulması Azərbaycanın regional inkişaf strategiyasına yeni məzmun qazandırmaqla yanaşı, Böyük Qayıdışın davamlı və uğurlu həyata keçirilməsinə mühüm töhfə verir.

Amid Şahbazov
Neftçala rayonu