ABŞ senatoru Lindsi Qrem Prezident Donald Trampın Ağ Ev ərazisində yeni mərasim zalı tikilməsi layihəsinə 400 milyon dollar ayrılmasını nəzərdə tutan qanun təşəbbüsünü müdafiə edib.
Redaksiya Reuters-ə istinadla xəbər verir ki, respublikaçı senatorlar Trampın Ağ Evdə iri rəsmi tədbirlər üçün daha təhlükəsiz məkan yaradılması planını sürətləndirmək istəyirlər. Layihə Ağ Ev Müxbirləri Assosiasiyasının tədbirində baş verən silahlı insidentdən sonra yenidən gündəmə gəlib.
Qrem bildirib ki, yeni zal prezidentlərin və yüksək vəzifəli şəxslərin böyük tədbirlər üçün Ağ Ev ərazisini tərk etməsinə ehtiyacı azaldacaq. Onun sözlərinə görə, şəhər mərkəzindəki hotellər və oxşar məkanlar təhlükəsizlik baxımından daha risklidir.
Senatorun təqdim etdiyi arqumentə görə, zalın altında milli təhlükəsizliklə bağlı infrastruktur və Secret Service üçün əlavə sahələr yerləşdiriləcək. Qrem bunu yalnız Tramp üçün deyil, gələcək prezidentlər üçün də vacib layihə adlandırıb.
Layihə əvvəlcə özəl ianələr və Trampın şəxsi vəsaiti hesabına maliyyələşdiriləcək təşəbbüs kimi təqdim olunurdu. Lakin Konqresdə irəli sürülən yeni təşəbbüs 400 milyon dollarlıq federal maliyyələşməni nəzərdə tutur. Bu vəsaitin bir hissəsinin gömrük yığımları hesabına qarşılanması təklif edilir.
Demokratlar isə təşəbbüsü tənqid edir. Onlar hesab edirlər ki, təhlükəsizliklə bağlı real problem varsa, vəsait ilk növbədə Secret Service və Daxili Təhlükəsizlik Nazirliyinin ehtiyaclarına yönəldilməlidir, Ağ Evdə bahalı mərasim zalının tikintisinə yox.
Layihə hüquqi mübahisələrə də səbəb olub. Tarixi irsin qorunması ilə məşğul olan təşkilatlar Ağ Evin Şərq qanadında aparılan söküntü və tikinti işlərinin Konqresin razılığı olmadan həyata keçirilməsinə qarşı çıxırlar.
