""AFB Bank"ın kapitalı sürətlə azalır, gəlirliliyi zəifləyir"

""AFB Bank"ın kapitalı sürətlə azalır, gəlirliliyi zəifləyir"

Aytac Dəniz · Maliyyə ·

"AFB Bank" ASC-nin kapital ehtiyatlarında azalma müşahidə olunur, yüksək əməliyyat xərcləri isə bankın gəlirliliyinə təzyiq göstərir.

Bu barədə beynəlxalq reytinq agentliyi “Fitch Ratings” "AFB Bank"la bağlı son qiymətləndirməsində bildirib.

“Fitch”in məlumatına görə, bankın əməliyyat mənfəətinin risklə ölçülmüş aktivlərə nisbəti 2024-cü ildəki 2,9%-dən 2025-ci ildə 0,9%-ə düşüb. Agentlik bunu biznesin genişləndirilməsi ilə bağlı əməliyyat xərclərinin artması və həmin xərclərin gəlirlər hesabına hələ tam kompensasiya edilməməsi ilə əlaqələndirib.

Nəticədə "AFB"nin xərc/gəlir nisbəti 2024-cü ildəki 70%-dən 2025-ci ildə 98%-ə yüksəlib. “Fitch” 2026-cı ildə də yüksək əməliyyat xərclərinin bankın gəlirliliyinə təzyiq göstərəcəyini və xalis mənfəətin aşağı səviyyədə qalacağını gözləyir.

Bankın kapital ehtiyatlarında da əhəmiyyətli azalma qeydə alınıb. "AFB"nin “Fitch Core Capital” (FCC) əmsalı 2024-cü ilin sonundakı 36%-dən 2025-ci ilin sonunda 23,3%-ə enib. Agentlik azalmanı risklə ölçülmüş aktivlərin sürətli artması və müntəzəm dividend ödənişləri ilə izah edib.

Bankın birinci dərəcəli kapital əmsalı da 2025-ci ilin sonundakı 21,9%-dən 2026-cı ilin birinci yarısının sonunda 16%-ə düşüb. “Fitch” kreditləşmənin genişlənməsi fonunda FCC əmsalının 2027-ci ilin sonuna 13,5-14%-ə qədər azalacağını proqnozlaşdırır. Agentliyə görə, göstəricinin davamlı olaraq 13%-dən aşağı düşməsi "AFB"nin reytinqinin aşağı salınmasına səbəb ola bilər.

“Fitch” bankın depozit strukturunu da mənfi amil kimi qiymətləndirib. Depozitlər 2025-ci ildə 72%, 2026-cı ilin ilk yarısında isə daha 56% artsa da, maliyyələşmə və likvidlik göstəricisi “b-” səviyyəsində müəyyən edilib. Bu, “bb” kateqoriyasının nəzərdə tutduğu səviyyədən aşağıdır.

Agentlik həmçinin "AFB"də idarəetmə və nəzarət mexanizmlərindəki zəifliklərin əlaqələrə əsaslanan kreditləşmənin yüksək olması riskini yaratdığını və bunun bankın kredit profilinə mənfi təsir göstərdiyini bildirib.

Bununla belə, “Fitch” "AFB Bank"ın uzunmüddətli emitent defolt reytinqini “B” səviyyəsində təsdiqləyib və proqnozu “Stabil” saxlayıb. Bankın likvidlik ehtiyatı qənaətbəxş qiymətləndirilib. “Fitch” "AFB"nin reytinqinin yüksəldilməsi imkanlarını hazırda məhdud hesab edir və bunun üçün bankın bazardakı mövqeyinin gücləndirilməsi, biznes modelinin daha çox şaxələndirilməsi və risklərin idarə edilməsi sisteminin əhəmiyyətli dərəcədə təkmilləşdirilməsini zəruri sayır.

Plat.az