Karakasda gecə saatlarında güclü partlayışlar və silah səsləri qeydə alınıb, paytaxt üzərində ABŞ-a məxsus helikopterlərin uçuşları müşahidə olunub. Geniş bucaqlı görüntülərdə ABŞ hava zərbələrinin şəhərin müxtəlif nöqtələrində həyata keçirildiyi əks olunub.
Redaksiya Reuters istinadla xəbər verir ki, Karakasın cənub hissəsində böyük hərbi bazanın yaxınlığında partlayışlardan sonra elektrik enerjisinin verilişində kəsinti baş verib. Məlumatlara görə, Generalísimo Francisco de Miranda Hava Bazası ABŞ hava zərbələrinin əsas hədəflərindən biri olub.
Şahid ifadələrinə əsasən, Higuerote hava limanı yaxınlığında həyata keçirilən zərbələrdən sonra güclü ikincil partlayışlar qeydə alınıb. Sky News Arabia paytaxtdakı limanın və Venesuela müdafiə nazirinin yaşayış evinin də atəşə tutulduğunu iddia edib.
Hadisələr fonunda ABŞ Federal Aviasiya Administrasiyası yanvarın üçü saat 06:00-dan etibarən Venesuela hava məkanında bütün hündürlüklərdə ABŞ təyyarələrinin uçuşunu qadağan edən NOTAM qərarı yayımlayıb. Eyni zamanda Karakas küçələrində, Miraflores Prezident Sarayı ətrafında zirehli texnikaların yerləşdirildiyi bildirilib.
CBS News-un məlumatına görə, ABŞ administrasiyasının rəsmiləri Karakas üzərində partlayışlar və hərbi aviasiya ilə bağlı xəbərlərdən xəbərdar olduqlarını təsdiqləyiblər. ABŞ Hərbi Hava Qüvvələrinə məxsus KC-135R Stratotanker yanacaq doldurma təyyarəsinin Puerto Rikonun cənubunda uçuş izləmə məlumatlarında görünməsi də diqqət çəkib.
Eyni mənbə bildirir ki, ABŞ prezidenti Donald Tramp Venesuela ərazisində, o cümlədən hərbi obyektlərə qarşı zərbələrin endirilməsi barədə göstəriş verib. ABŞ helikopterlərinin Karakasdakı Fort Tiuna hərbi kompleksini hədəf aldığı barədə məlumatlar da yayılıb.
