ABŞ və Avropa gələcək Rusiya hücumlarının qarşısını almaq məqsədilə Ukraynanın müdafiə qabiliyyətinin gücləndirilməsini və ölkə daxilində Avropa qüvvələrinin yerləşdirilməsini nəzərdə tutan yeni sülh planı irəli sürüb. Təşəbbüs, eyni zamanda, ABŞ kəşfiyyat dəstəyinin genişləndirilməsini ehtiva edir.
Redaksiya NYT-ə istinadla xəbər verir ki, təklif olunan mexanizm NATO-nun 5-ci maddəsinə bənzər məcburi təhlükəsizlik təminatlarını özündə birləşdirir və mümkün atəşkəs razılaşmasının dayanıqlı olmasına xidmət etməlidir. Planın məqsədi Ukraynanın müdafiə sistemlərini gücləndirməklə Rusiya tərəfindən yenidən hərbi təzyiq göstərilməsi riskini minimuma endirməkdir.
Sözügedən təşəbbüs, Qərbin Kiyevə uzunmüddətli dəstək öhdəliyini təsdiqləməklə yanaşı, atəşkəsdən sonra Ukrayna ərazisində sabitliyin qorunması üçün beynəlxalq qüvvələrin rolunu artırmağı nəzərdə tutur. ABŞ və Avropa tərəfdaşları bu çərçivənin regionda təhlükəsizlik balansını dəyişdirəcəyini və Moskvanın mümkün eskalasiya cəhdlərinə qarşı ciddi çəkindirici təsir göstərəcəyini vurğulayır.
