ABŞ, İngiltərə, Fransa, Almaniya və daha 10 ölkə İranın kəşfiyyat fəaliyyətlərinə qarşı sərt mövqe nümayiş etdirib.
Redaksiya xəbər verir ki, yayılan birgə bəyanatda bu ölkələr İranın ərazilərində həyata keçirdiyi təxribat və hədə-qorxu cəhdlərini kəskin şəkildə pisləyiblər. Bildirilir ki, İranın xaricdəki jurnalistlərə, siyasi müxaliflərə, yəhudi icma üzvlərinə və dövlət rəsmilərinə qarşı planlaşdırdığı oğurluq və sui-qəsd cəhdləri beynəlxalq hüquqa və dövlət suverenliyinə açıq təhdiddir.
“Bu fəaliyyətlər bizim ərazilərimizin suverenliyinə birbaşa təcavüzdür. İran hökuməti bu qanunsuz hərəkətlərə dərhal son qoymalıdır,” – deyə bəyanatda qeyd olunub.
Ölkələr eyni zamanda İranın transmilli cinayət şəbəkələri ilə əməkdaşlıq etməsini də qəbuledilməz adlandırıblar və bu cür əlaqələrin region və dünya üçün təhlükə yaratdığını vurğulayıblar.
Bəyanat, Qərb dövlətlərinin İranın xarici kəşfiyyat fəaliyyəti və qeyri-qanuni metodlarla siyasi təsir cəhdlərinə qarşı koordinasiyalı mövqe sərgilədiyini göstərən ciddi diplomatik addım kimi qiymətləndirilir.
Sevinc Kərimova
