ABŞ Senatı Rusiyaya qarşı yeni sanksiyaları yay sonunadək qəbul etməyəcək

ABŞ Senatı Rusiyaya qarşı yeni sanksiyaları yay sonunadək qəbul etməyəcək

Sevinc Kərimova · Siyasət ·

ABŞ Senatında Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini nəzərdə tutan qanun layihəsinin yay tətilinədək qəbul olunmayacağı bildirilir. Bu barədə “The Hill” nəşri məlumat yayıb.

Redaksiya xəbər verir ki, nəşrin məlumatına görə, respublikaçı senatorlar avqustun əvvəlində başa çatacaq iclas sessiyasından sonra yay tətilinə çıxmağa hazırlaşırlar. Onlar yalnız sentyabrın əvvəlində Vaşinqtona geri dönəcəklər. Bu isə o deməkdir ki, yeni sanksiyaların təsdiqi prosesi, ən azı, payıza qədər təxirə salınır.

“The Hill” qeyd edir ki, sanksiyaların sərtləşdirilməsini dəstəkləyənlər qanun layihəsinin yay fasiləsindən öncə qəbul ediləcəyinə ümid edirdilər. Lakin bu baş vermədiyindən, Rusiyaya qarşı yeni tədbirlərin tətbiqi məsələsi ən azı payızadək ABŞ Prezidenti Donald Trampın səlahiyyətində qalacaq. Nəşr bildirir ki, bu, Trampa mümkün məhdudiyyətlərlə bağlı daha geniş hərəkət azadlığı verir.

Demokratlar isə prezidentin bu hüquqdan tam istifadə edəcəyinə şübhə ilə yanaşırlar.

Qeyd edək ki, iyulun 29-da ABŞ Prezidenti Donald Tramp Ukraynada atəşkəsin əldə olunması üçün 10 günlük müddətin başladığını elan edib. O, əks halda, Rusiyadan enerji resursları alan ölkələrə qarşı 100 faizlik rüsumların tətbiq ediləcəyini və bu cür sanksiyaların Rusiya məhsullarına da şamil olunacağını bəyan edib.

Sevinc Kərimova