ABŞ-da keçirilən aralıq seçkiləri zamanı aparılan sorğu amerikalıların süni intellektin (Sİ) cəmiyyətə təsiri ilə bağlı ciddi narahatlıqlarını üzə çıxarıb. Seçicilərin 57 faizi Sİ-nin cəmiyyətə faydadan daha çox zərər verəcəyini düşünür. Yalnız 24 faiz bu texnologiyanın daha çox müsbət nəticələr yaradacağına inanır. Bu barədə NBC News telekanalının seçki məntəqələrindən çıxan seçicilər arasında keçirdiyi sorğuda məlumat verilib.
Redaksiya mənbəyə istinadən xəbər verir ki, sorğu iştirakçılarının 56 faizi süni intellekt və məlumat mərkəzləri ilə bağlı məsələləri Konqresə namizəd seçimində həlledici və ya mühüm amillərdən biri hesab edib.
Nəticələrə əsasən, amerikalı seçicilərin 76 faizi yaşadıqları ərazidə yeni məlumat mərkəzinin tikilməsinə qarşı çıxacağını bildirib.
Sorğu həmçinin seçicilərin süni intellektin tənzimlənməsi məsələsində əsas siyasi partiyalara etimadının məhdud olduğunu göstərib.
Respondentlərin 43 faizi nə Demokratlar, nə də Respublikaçılar Partiyasının Sİ məsələlərini daha yaxşı idarə edə biləcəyini düşünür. Seçicilərin 29 faizi demokratlara, 27 faizi isə respublikaçılara üstünlük verib.
NBC News-un məlumatına görə, seçkilərdə demokratların qələbələri süni intellekt və məlumat mərkəzləri sektorunun gələcək inkişafı ilə bağlı investorlar arasında narahatlıq yaradıb.
Demokratların uğurlarının bu sektorda daha sərt tənzimləmə riskini artıra biləcəyi barədə gözləntilər fonunda ABŞ fond bazarının fyuçers göstəriciləri gecə saatlarında geriləyib.
Amerikalı milyarder İlon Mask da mövzuya münasibət bildirib. O, X sosial şəbəkəsindəki paylaşımında “Kosmosda məlumat mərkəzləri indi kifayət qədər cəlbedici görünür”, – deyə yazıb.
Qeyd edək ki, NBC News-un açıqladığı göstəricilər seçki günü keçirilmiş sorğunun ilkin nəticələridir. Yekun məlumatların işlənməsi ilə faiz göstəricilərində dəyişikliklər baş verə bilər.
