ABŞ Raul Kastroya qarşı “Venesuela ssenarisi”ni istisna etmir

ABŞ Raul Kastroya qarşı “Venesuela ssenarisi”ni istisna etmir

Yulduz Səlimov · Media ·

ABŞ-ın Kubanın keçmiş lideri Raul Kastroya qarşı “Venesuela ssenarisi”ni tətbiq edə biləcəyi iddia olunur. Bu barədə The New York Times xəbər yayıb.

Redaksiya istinadla xəbər verir ki, Vaşinqtonda Raul Kastro ilə bağlı cinayət ittihamları və mümkün hüquqi-hərbi təzyiq variantları müzakirə olunur. Kastro hazırda 94 yaşındadır.

Məlumata görə, ABŞ rəsmiləri bu yanaşmanı daha əvvəl Venesuela lideri Nikolas Maduroya qarşı tətbiq olunan modelə bənzədirlər. Söhbət əvvəlcə cinayət ittihamlarının irəli sürülməsi, daha sonra isə ABŞ yurisdiksiyasına gətirilmə ehtimalından gedir.

İddialar CIA direktoru Con Ratkliffin Havanaya gizli səfərindən sonra gündəmə gəlib. O, Kuba rəsmilərinə Prezident Donald Trampın mesajını çatdırıb və Vaşinqtonun yalnız “fundamental dəyişikliklər” baş verəcəyi halda ciddi iqtisadi və təhlükəsizlik əməkdaşlığına hazır olduğunu bildirib.

ABŞ tərəfinin Kastroya qarşı mümkün ittihamları 1996-cı ildə Kuba qırıcılarının “Brothers to the Rescue” təşkilatına məxsus iki mülki təyyarəni vurması işi ilə əlaqələndirilir. Həmin vaxt Raul Kastro Kubanın müdafiə naziri idi.

Hələlik Raul Kastronun həbsinə və ya ABŞ-a aparılmasına dair rəsmi qərar yoxdur. Mövzu hazırda Vaşinqtonun Kubaya təzyiq strategiyası çərçivəsində müzakirə edilən ehtimal kimi qiymətləndirilir.