İranla müharibənin ABŞ-ın Yaxın Şərqdəki hərbi bazalarına vurduğu zərər fonunda amerikalı təhlükəsizlik ekspertləri Vaşinqtonun Hind-Sakit okean regionundakı hərbi mövcudluğunu azaltmağı təklif edirlər. Yeni yanaşma ABŞ qüvvələrinin Çinə yaxın ərazilərdən daha uzaq və müdafiəsi nisbətən asan olan mövqelərə çəkilməsini nəzərdə tutur.
Redaksiya məlumat verir ki, ABŞ-ın Defense Priorities analitik mərkəzinin hərbi təhlil üzrə direktoru Cennifer Kavano Asiyada Amerika hərbi strategiyasının yenidən qurulmasını təklif edən hesabat hazırlayıb. RAND korporasiyasının Quru Qoşunları Strategiyası proqramının keçmiş direktoru olan Kavano ABŞ qüvvələrinin Sakit okeandakı birinci adalar zəncirindən ikinci adalar zəncirinə köçürülməsini müdafiə edir.
Birinci adalar zənciri Yaponiya, Tayvan və Filippini əhatə etdiyi halda, ikinci zəncir daha şərqdə yerləşən Quam və Mikroneziya istiqamətində uzanır. Ekspert hesab edir ki, Çinlə mümkün hərbi münaqişə zamanı birinci zəncirdə yerləşən ABŞ qüvvələri ciddi təhlükələrlə üzləşə bilər.
Kavanonun təklifinə əsasən, ABŞ Yaponiya, Cənubi Koreya və Filippindəki hərbi qüvvələrinin böyük hissəsini geri çəkməli, Tayvanın müdafiəsi ilə bağlı öhdəliyinə son qoymalıdır. Cənubi Koreya, Filippin və Avstraliya ilə mövcud müdafiə müqavilələrinin daha çevik təhlükəsizlik tərəfdaşlıqları ilə əvəzlənməsi, həmçinin ABŞ-ın nüvə təhlükəsizliyi təminatlarının məhdudlaşdırılması da təkliflər sırasındadır.
Yeni strategiyada əsas diqqətin Quam adasına, eləcə də ABŞ-la Azad Assosiasiya Sazişləri çərçivəsində əməkdaşlıq edən Palau, Mikroneziya Federativ Ştatları və Marşal adalarına yönəldilməsi nəzərdə tutulur. Regionda pilotsuz uçuş aparatlarının və pilotsuz dəniz vasitələrinin yerləşdirilməsi də planın mühüm hissəsidir.
Təklif olunan dəyişikliklərin üç ildən səkkiz ilədək müddətdə mərhələli şəkildə həyata keçirilməsi, əsas tədbirlərin 2030-cu ilədək, bütün prosesin isə 2035-ci ilədək tamamlanması nəzərdə tutulur.
Kavano hesab edir ki, ABŞ-ın Asiyadakı əsas maraqlarını qorumaq üçün məhdud sayda hava və dəniz qüvvəsi kifayətdir. Onun qiymətləndirməsinə görə, Çin yaxınlığında yerləşdirilmiş təxminən 90 min amerikalı hərbçi, o cümlədən Yaponiyadakı 55 min və Cənubi Koreyadakı 25 min hərbçi Vaşinqton üçün həm yüksək maliyyə yükü, həm də potensial hərbi zəiflik yaradır.
Lakin bu yanaşma ABŞ ekspert dairələrində birmənalı qarşılanmayıb. Quincy İnstitutunun tədqiqatçıları oktyabrın 23-də yayımladıqları təhlildə Amerika qüvvələrinin ikinci adalar zəncirinə geri çəkilməsini strateji səhv adlandırıblar. Onların fikrincə, belə addım regional sabitliyi poza və ABŞ-ın Şərqi Asiyadakı mövqelərini zəiflədə bilər.
Müzakirələr İranla müharibə zamanı ABŞ-ın Fars körfəzi regionundakı hərbi obyektlərinin ciddi zərər görməsindən sonra aparılır. Bununla belə, Kavanonun təqdim etdiyi sənəd ABŞ hökumətinin rəsmi qərarı deyil, hərbi strategiyanın dəyişdirilməsinə dair ekspert təklifidir.
