Donald Tramp administrasiyası ABŞ-nin İranla qarşıdurmada qabaqcıl hava hücumundan müdafiə raketlərini və yüksək dəqiqlikli silahları istehsal imkanlarından daha sürətlə istifadə etməsindən narahatdır. Bu barədə CBS News ABŞ hərbi və kəşfiyyat rəsmilərinə istinadla məlumat yayıb.
Redaksiya istinadla xəbər verir ki, İranın raket və pilotsuz uçuş aparatlarına qarşı “Patriot” və THAAD raketlərinin geniş tətbiqi mövcud ehtiyatlara ciddi təzyiq göstərib. “Tomahawk” və JASSM kimi uzaqmənzilli zərbə vasitələrinin də müharibənin ilkin mərhələsində intensiv istifadə edildiyi bildirilir.
Mənbələrin məlumatına görə, ABŞ komandanlığı bahalı və məhdud sayda olan uzaqmənzilli raketlərə qənaət etmək üçün daha yaxın hədəflərə qarşı JDAM idarəetmə dəstləri ilə təchiz edilmiş bombalardan və kiçik diametrli bombalardan daha çox istifadə etməyə başlayıb. Yüksək texnoloji sursatların isə daha mürəkkəb əməliyyatlar üçün saxlanıldığı qeyd olunur.
Rəsmilər müdafiə sənayesinin raket istehsalını qısa müddətdə genişləndirə bilmədiyini və bəzi sistemlər üzrə istehsal gücünün artırılmasının bir neçə il çəkəcəyini bildirirlər. Pentaqon İran müharibəsindəki əməliyyatları dəstəkləmək üçün digər regionlarda, o cümlədən Hind-Sakit okean hövzəsində saxlanılan bəzi raket ehtiyatlarını Yaxın Şərqə köçürüb.
ABŞ rəsmilərinin fikrincə, hazırkı sursat sərfiyyatı uzun müddət davam etdirilə bilməz. Onlar ehtiyatların azalmasının Çinlə, xüsusilə Tayvan ətrafında yarana biləcək mümkün qarşıdurmaya hazırlıq səviyyəsini zəiflədə biləcəyindən narahatdırlar. Pentaqon isə ABŞ ordusunun mövcud əməliyyatları yerinə yetirmək üçün kifayət qədər imkanlara malik olduğunu bildirir.
