ABŞ kəşfiyyatı İranın hərbi və iqtisadi dayanıqlığının Tramp administrasiyası tərəfindən gözləniləndən daha yüksək olduğunu qiymətləndirib.
Redaksiya “The Washington Post”a istinadla xəbər verir ki, CIA-nin məxfi qiymətləndirməsinə əsasən, İran ABŞ-ın dəniz blokadasına ən azı üç-dörd ay davam gətirə bilər.
Məlumata görə, İran intensiv ABŞ və İsrail zərbələrinə baxmayaraq, ballistik raket imkanlarının böyük hissəsini qoruyub. Qiymətləndirmədə Tehranın müharibədən əvvəlki mobil raket buraxılış qurğularının təxminən 75 faizini, raket ehtiyatlarının isə 70 faizini saxladığı qeyd olunur.
Hesabatda bildirilir ki, İran hərbçiləri yeraltı silah anbarlarının əksəriyyətinə çıxışı qoruyub və ya qısa müddətdə bərpa edə bilib.
ABŞ rəsmilərindən biri isə İranın uzunmüddətli iqtisadi təzyiqə davam gətirmək imkanlarının CIA-nin hesablamalarından da yüksək ola biləcəyini bildirib.
Mənbənin sözlərinə görə, İran rəhbərliyi ABŞ-ın siyasi iradəsini üstələyə biləcəyinə daha çox əminlik qazanıb.
