ABŞ səfiri: Vaşinqton gələcəkdə Kipri qoruyacaq

ABŞ səfiri: Vaşinqton gələcəkdə Kipri qoruyacaq

Nizami Salmanov · Media ·

ABŞ-ın Kipr Respublikasındakı səfiri Con Breslou Vaşinqtonun gələcəkdə Kiprin təhlükəsizliyinə dəstəyini davam etdirəcəyini bildirib. O, yaxın dövrdə adanın limanlarına daha çox ABŞ esminesi və digər hərbi gəmilərin gələcəyini də açıqlayıb. Bu barədə Cyprus Mail məlumat yayıb.

Redaksiya istinadla xəbər verir ki, Breslou bu fikirləri Limassol limanına səfər edən USS Roosevelt esminesinin göyərtəsində səsləndirib. Onun sözlərinə görə, ABŞ və Kipr arasında 2024-2029-cu illəri əhatə edən müdafiə əməkdaşlığı üzrə yol xəritəsi artıq icra olunur və əməkdaşlıq uğurla inkişaf edir.

Səfir qarşıdakı dövrdə Kipr limanlarına ABŞ hərbi gəmilərinin səfərlərinin artacağını, həmçinin iki ölkənin müxtəlif birgə hərbi və müdafiə təlimləri keçirəcəyini bildirib. Mövcud əməkdaşlıq çərçivəsində Bafdakı bəzi hərbi obyektlərin imkanlarının artırılması və ABŞ tərəfindən maliyyələşdirilən CYCLOPS təhlükəsizlik proqramının genişləndirilməsi də nəzərdə tutulur.

Breslou Kiprin NATO-ya mümkün üzvlüyü barədə danışarkən bunun ilk növbədə Kipr xalqının verəcəyi qərar olduğunu bildirib. Bununla yanaşı, o, ABŞ və Kipr arasında formalaşdırılan müdafiə imkanlarını NATO əməkdaşlığına bənzədərək Vaşinqtonun gələcəkdə Kipri qoruyacağını deyib.

ABŞ və Kipr son illərdə müdafiə və təhlükəsizlik əlaqələrini genişləndiriblər. Tərəflər kibertəhlükəsizlik, sərhəd mühafizəsi, hərbi hazırlıq və Şərqi Aralıq dənizində regional təhlükəsizlik sahələrində əməkdaşlığı artırmağa çalışırlar.