ABŞ-ın Kibertəhlükəsizlik və İnfrastrukturun Təhlükəsizliyi Agentliyi (CISA), Federal Təhqiqatlar Bürosu (FBI) və Milli Təhlükəsizlik Agentliyi (NSA) Çinin dövlət dəstəkli haker qruplarının yaratdığı artan təhlükələr barədə birgə xəbərdarlıq yayıblar.
Redaksiya xəbər verir ki, avqustun 27-də dərc edilən məsləhət sənədində Salt Typhoon kimi qrupların qlobal telekommunikasiya şəbəkələrini və kritik infrastruktur sistemlərini hədəfə alaraq yalnız məlumat oğurlamaqla kifayətlənmədikləri, həm də uzunmüddətli giriş əldə edib potensial dağıdıcı əməliyyatlar üçün zəmin hazırladıqları qeyd olunub.
Xəbərdarlıqda Çinin dövlət tərəfindən dəstəklənən hakerlərinin telekommunikasiya şirkətlərinin və digər infrastruktur operatorlarının istifadə etdiyi marşrutlaşdırıcılardakı boşluqlardan yararlandığı, həmçinin aşkarlanmamaq üçün cihazları dəyişdirərək şəbəkələrdə davamlı mövcudluq yaratdıqları bildirilir. Bu fəaliyyətin əsasən telekommunikasiya, nəqliyyat, mehmanxana və hərbi şəbəkələri əhatə etdiyi vurğulanıb.
Mütəxəssislərin fikrincə, Salt Typhoon və oxşar qruplar yalnız böyük infrastruktur şirkətlərini deyil, həm də onlarla əlaqəli şəbəkələri hədəfə alaraq qlobal miqyasda casusluq imkanlarını genişləndirirlər. ABŞ rəsmiləri bu tip hücumların beynəlxalq təhlükəsizliyə ciddi risklər yaratdığını bildirərək, dövlətlər və şirkətlər arasında kibermüdafiə əməkdaşlığının gücləndirilməsinin vacibliyini önə çəkiblər.
Sevinc Kərimova
