ABŞ Müdafiə Nazirliyində dövriyyəyə buraxılmış daxili e-poçtda Vaşinqtonun İran müharibəsi fonunda ABŞ əməliyyatlarını yetərincə dəstəkləmədiyini düşündüyü NATO müttəfiqlərinə qarşı mümkün addımlar nəzərdən keçirilib. Reuters-in yazdığına görə, variantlar arasında İspaniyanın alyans daxilində mühüm və ya nüfuzlu mövqelərdən kənarlaşdırılması, həmçinin Böyük Britaniyanın Folklend adaları üzərində iddiasına ABŞ dəstəyinin yenidən nəzərdən keçirilməsi də var.
Redaksiya Reuters-ə istinadla xəbər verir ki, məlumata əsasən, sənəddə əsas narazılıq bəzi müttəfiqlərin İran müharibəsi zamanı ABŞ-yə baza, hava məkanı və uçuş icazələri verməkdən çəkinməsi ilə bağlıdır. Reuters-ə danışan amerikalı rəsmiyə görə, bu imkanlar NATO üçün “minimum baza xətti” kimi dəyərləndirilib və təklif olunan addımlar Avropa müttəfiqlərindəki “haqq sahibi olmaq hissini” azaltmağa yönəlib.
Reuters yazır ki, xüsusilə İspaniya ilə bağlı narazılıq ön plandadır. Madridin sosialist hökuməti ABŞ-nin İranla bağlı əməliyyatlar üçün İspaniya bazalarından və hava məkanından istifadəsinə icazə verməyəcəyini bildirmişdi. ABŞ-nin İspaniyada Rota dəniz bazası və Moron aviabazası kimi iki mühüm hərbi obyekti yerləşir.
Pentaqonun mətbuat katibi Kingsli Uilson Reuters-ə şərhində bildirib ki, Prezident Donald Trampın da dediyi kimi, ABŞ-nin NATO müttəfiqləri Vaşinqton üçün lazım olan anda yanında olmayıb. Onun sözlərinə görə, Müdafiə Nazirliyi prezidentə müttəfiqlərin daha fəal davranmasını təmin edəcək “inandırıcı variantlar” təqdim edəcək.
Reuters qeyd edir ki, sözügedən e-poçtda ABŞ-nin NATO-dan çıxması və ya Avropadakı bazalarını bağlaması təklif olunmur. Bununla belə, Tramp daha əvvəl alyansdan çıxma ehtimalını açıq saxlayıb və NATO müttəfiqlərini Hörmüz boğazının açılması üçün kifayət qədər dəstək verməməkdə sərt tənqid edib.
Mövzuya münasibət bildirən İspaniyanın baş naziri Pedro Sançes isə bu mübahisəni böyütməyib və ölkəsinin yalnız beynəlxalq hüquqa uyğun çərçivədə əməkdaşlıq etdiyini vurğulayıb. AP-nin məlumatına görə, NATO-da üzv ölkənin fəaliyyətini dayandırmaq üçün aydın mexanizm yoxdur və alyansın İran münaqişəsində birbaşa əməliyyat rolu da yoxdur.
