31 Mart soyqırımı - insanlığa qarşı cinayət

31 Mart soyqırımı - insanlığa qarşı cinayət

Könül Məmmədova · Media ·

Sovetlər dönəmində bir çox sahələr kimi xalqımızın qan yaddaşı da silinməyə çalışılmış, zaman-zaman baş vermiş hadisələrin izləri itirilərək, böyük təhriflərə məruz qalmışdır. Son iki əsr ərzində xalqımızın başına gətirilən müsibətlərə nəzər saldıqda, onları araşdırdıqda eyni senari, eyni məqsəd və məramla qarşılaşırıq.

Tarixə nəzər saldıqda görürük ki, erməni millətçiləri tərəfindən “Böyük Ermənistan” yaratmaq ideyası altında xalqımıza qarşı müxtəlif dövrlərdə, müxtəlif formalarda soyqırım siyasəti həyata keçirilmişdir. Xalqımıza qarşı zaman-zaman törədilmiş etnik təmizləmə, deportasiya və soyqırımlar ermənilərin xain və mənfur niyyətlərindən xəbər verir. Təəssüf ki, uzun illər boyu öz siyasi-hüquqi qiymətini almamış 31 mart soyqırımı da qeyd edilən mənfur siyasətə bir nümunədir. Çoxəsrlik tariximizin ən faciəli səhifələrindən biri olan, 1918-ci ilin mart-aprel aylarında erməni quldur dəstələri tərəfindən ölkəmizin əksər bölgələrində törətdilmiş soyqırımlar, qətllər, vəhşiliklər məhz bu mənfur siyasətə xidmət etmişdir.

Bir məsələni də xüsusi qeyd etməliyik ki, vandal toplum bu siyasəti öz havadarlarının köməkliyi ilə törətmişlər. Gülüstan və Türkmənçay sülh müqavilələrinin nəticəsinə əsasən indiki İran və o zamankı Osmanlı imperiyasının ərazisindən tarixi toropaqlarımıza köçürülən ermənilər bir anda özlərini bu yerlərin “tarixi sakinləri” kimi aparmağa başladılar. Tarixi Qarabağ və Zəngəzurda demoqrafik vəziyyətin zorla dəyişdirilməsi, 1905-ci və 1918-ci illərdə azərbaycanlı əhalinin kütləvi qırğınları, 1918-ci ildə tarixi Azərbaycan torpaqlarında Ermənistan dövlətinin yaradılması, İrəvan şəhərinin paytaxt kimi Ermənistana verilməsi, Zəngəzurun ermənilərə verilməsi, 1948-1953-cü illərdə yüz minlərlə azərbaycanlının əzəli vətənlərindən deportasiyası kimi faktlar soyqırım tarixinin faciəli və qanlı səhifələridir. Xalqımız xain siyasəti bir də ötən əsrin 90-cı illərində yaşamaq məcburiyyətində qaldı. Yənə də havadarlarının köməyindən ruhlanan erməni millətçiləri o vaxtkı SSRİ rəhbərliyinin təhriki ilə “Dağlıq Qarabağ”I zorla Ermənistana birləşdirmək üçün Azərbaycana qarşı açıq hərbi təcavüzə başladılar.

I Qarabağ müharibəsi zamanı mənfur düşmən qanlı cinayətlərə imza atmaqla bir daha niyyətini və xislətini nümayiş etdirdi, 1992-ci ilin 25-26 fevral tarixlərində törədilmiş Xocalı soyqırımı öz qəddarlığına və amansızlığına görə misli görünməmiş qanlı akt idi. Əminliklə demək olar ki, bu hadisə insanlıq tarixində qara ləkə kimi qalacaqdır. Xalqımıza qarşı əsrlər boyu həyata keçirilmiş soyqırımı siyasətinə tarixi qiyməti Ümummilli liderimiz Heydər Əliyev vermişdir. Belə ki, 1918-ci il soyqırımı Ulu Öndərin 1998-ci il 26 mart tarixli Fərmanından sonra öz hüquqi-siyasi qiymətini almışdır. Məhz həmin vaxtdan etibarən 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü kimi dövlət səviyyəsində qeyd edilir. Həmin gün dünya ictimaiyyətinin diqqəti bu faciəyə cəlb edilir. Son dörd ildə baş verən hadisələr, tarixi proseslərin gedişi Ermənistan dövlətinin və onların havadarlarının təcavüzkar siyasətinin iflasa məhkum etdi. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən həyata keçirilən düşünülmüş, məntiqli, qətiyyətli daxili və xarici siyasət nəticəsində yerləşdiyimiz regionda yeni reallıqlar formalaşıb. Tarixi ədalət bərpa olunub. Azərbaycan bütün dünyaya siyasi, iqtisadi və əsl milli birlik nümayiş etdirib.

Cənab İlham Əliyevin rəhbərliyi altında Şanlı ordumuzun rəşadəti və xalqımızın birliyi ilə düşmən 44 gün ərzində diz çökdürülüb. Bir gündən də az müddətdə ərazi bütövlüyümüz bərpa edilib. Bu gün xalqımızda o qədər inam var ki, ölkəmiz bundan sonra tarixi torpaqlarımıza göz dikən istənilən qüvvəyə, xalqımıza qarşı yönələn bütün təhdidlərə qarşı hər zaman layiqli cavab verməyə hazırdır!.

Şəfəq Balaşova
Neftçala rayonu