12 nömrəli məktəbdə rəqəmsal qiymətləndirmə!

12 nömrəli məktəbdə rəqəmsal qiymətləndirmə!

Sevinc Kərimova · Cəmiyyət ·

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində olan Sumqayıt şəhər N.Tusi adına 12 nömrəli tam orta məktəbdə məktəbdaxili qiymətləndirmə uğurla keçirilir.

Əvvəlki illərdən fərqli olaraq, bu tədris ilində bütün siniflərdə böyük summativ qiymətlındirmə rəqəmsal formatda aparılır. Bu qiymətləndirmə şagirdlərin yarımil ərzində əldə etdikləri bilik və bacarıqların obyektiv və dəqiq ölçülməsini təmin edir.

Qiymətləndirmə zamanı istifadə olunan rəqəmsal platforma müəllimlərə nəticələri dərhal analiz etməyə imkan verir və tədris prosesində mövcud çatışmazlıqların vaxtında aşkarlanmasına şərait yaradır. Bu da uşaqların təhsil səviyyəsinin yüksəldilməsi üçün daha effektiv addımlar atmağa zəmin yaradır.

Məktəb ölkədə “Rəqəmsal bacarıqlar” layihəsinin tətbiq olunduğu ilk məktəblərdən biridir və informatika təmayüllü siniflərin açıldığı ilk 10 məktəbdən biri kimi tanınır. Bu, məktəbin rəqəmsal təhsil sahəsində yüksək səviyyədə ixtisaslaşdığını və innovativ metodları tətbiq etdiyini göstərir.

Məktəbin direktoru Reyhan Baxşiyeva bildirib ki, rəqəmsal qiymətləndirmənin tətbiqi ilə şagirdlərin bilik səviyyəsini daha obyektiv qiymətləndirmək, onların zəif tərəflərini vaxtında aşkarlamaq mümkündür. Bu yenilikçi yanaşma təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət edir və məktəbin gələcək inkişaf strategiyasının əsas tərkib hissəsidir.

N.Tusi adına 12 nömrəli tam orta məktəb həm tədris keyfiyyətinə nəzarət, həm də müasir texnologiyaların tətbiqi baxımından nümunəvi məktəblərdən biridir.