Ukrayna Prezidenti Volodimir Zelenski Çexiyaya rəsmi səfər edib. Səfərin əsas məqsədi ölkəsinin müdafiə qabiliyyətinin gücləndirilməsi, hərbi əməkdaşlığın dərinləşdirilməsi və Rusiyaya qarşı birgə təzyiqlərin artırılması ilə bağlı məsələləri müzakirə etmək olub.
Redaksiya xəbər verir ki, Çexiya Xarici İşlər naziri Yan Lipavski Zelenskini və xanımı Olenanı Praqa hava limanında qarşılayıb. Lipavski özünün "X" sosial media hesabında Zelenskinin "azad dünyanın lideri" kimi qarşılandığını bildirib. Zelenski də öz növbəsində Çexiya səfəri çərçivəsində Prezident Petr Pavel və Baş nazir Petr Fiala ilə görüşlər keçirəcəyini, həmçinin ölkədəki ukraynalılarla görüşəcəyini qeyd edib. O, Çexiyaya Ukraynaya verdiyi dəstəyə və əməkdaşlığa görə təşəkkürünü bildirib.
Zelenski, Çexiyanın Ukrayna üçün üçüncü ölkələrdən top və tank mərmilərinin tədarükü ilə bağlı təşəbbüsünün effektivliyini vurğulayaraq, bu səylərin davam etdiriləcəyini bildirib. Həmçinin, hərbi aviasiyanın inkişafı, pilot hazırlığı proqramlarının genişləndirilməsi və F-16 təyyarələrinin dəstəklənməsi kimi sahələrdə əməkdaşlığın vacibliyini qeyd edib. O, Çexiya və digər aviasiya koalisiyası üzvləri ilə birlikdə Ukrayna üçün müsbət xəbərlər hazırladıqlarını bildirib. Səfər zamanı diplomatik səylər və müharibənin dayandırılması üçün Rusiyaya qarşı birgə təzyiqlər də müzakirə olunacaq.
Səfər çərçivəsində Zelenskinin xanımı Olena Zelenska da bir sıra tədbirlərdə iştirak edəcək. O, "Ukrayna üçün Sağlamlıq Təşəbbüsü Konfransı"nın açılışında iştirak edəcək və bu təşəbbüsün beynəlxalq tibbi əməkdaşlığı gücləndirmək və Ukrayna xalqının həyatını qorumaq üçün mühüm platforma olduğunu vurğulayacaq. Bu səfər Ukrayna və Çexiya arasında strateji əməkdaşlığın daha da möhkəmlənməsinə və müharibə şəraitində Ukraynaya dəstəyin artırılmasına xidmət edəcək.
Sevinc Kərimova
