Zelenski: 1 il 6 aydır hazırlanan əməliyyatla 40-dan çox Rusiya təyyarəsi məhv edildi

Zelenski: 1 il 6 aydır hazırlanan əməliyyatla 40-dan çox Rusiya təyyarəsi məhv edildi

Sevinc Kərimova · Dünya ·

Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) Rusiyaya qarşı həyata keçirdiyi genişmiqyaslı dron hücumu dünya gündəminə çevrilib. Əməliyyat nəticəsində 40-dan çox Rusiya hərbi təyyarəsinin vurulduğu bildirilir.

Redaksiya xəbər verir ki, Ukrayna prezidenti Volodimir Zelenski bu hücumun Ukraynanın tarixində iz qoyacaq hərbi əməliyyatlardan biri olduğunu bəyan edib. Zelenskinin sözlərinə görə, əməliyyatın planlaşdırılması və icrası bir il, altı ay və doqquz gün davam edib:

Bu bizim ən uzunmüddətli və ən dəqiq hazırlanan hərbi əməliyyatımızdır. Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Vasıl Malyukun təqdim etdiyi hesabat mükəmməl nəticə əldə etdiyimizi sübut edir. Əməliyyatı planlayan və həyata keçirən heyət son anda Rusiya ərazisindən təhlükəsiz şəkildə ayrılıb.

Zelenski qeyd edib ki, bu uğur yalnız Ukraynanın öz gücü ilə əldə olunub və Ukrayna xalqının iradəsini əks etdirir. O, həmçinin bildirib:

Ukrayna Təhlükəsizlik Xidmətinə göstəriş verdim ki, əməliyyatla bağlı ictimaiyyətə açıqlana biləcək təfərrüatları paylaşsınlar. Hazırda hər şeyi açıqlamaq mümkün deyil, lakin bu əməliyyatlar Ukraynanın mübarizə tarixinə qızıl hərflərlə yazılacaq.

Prezident əlavə edib ki, Ukrayna özünü müdafiə edir və haqlıdır. “Biz Rusiyanın bu müharibəni bitirməsinin zəruriliyini anlaması üçün əlimizdən gələni edirik. Müharibəni başlayan Rusiya olub, onu bitirəcək tərəf də elə Rusiya olmalıdır. Qələbə Ukraynanındır.” – deyə Zelenski vurğulayıb.

Sevinc Kərimova