Yaponiya Yaxın Şərqdəki gərginlik səbəbindən neft ehtiyatlarını istifadəyə buraxıb

Yaponiya Yaxın Şərqdəki gərginlik səbəbindən neft ehtiyatlarını istifadəyə buraxıb

Redaksiya · Media ·

Yayılan məlumatlara görə, Yaponiya hökuməti enerji təchizatında sabitliyi təmin etmək məqsədilə ölkə daxilində təxminən 8,5 milyon kilolitr nefti bazara buraxıb. Bu miqdar ölkənin 30 günlük daxili tələbatına bərabərdir. Neftin tədarükü ölkə üzrə yerləşən 11 anbar məntəqəsindən aprel ayının sonuna qədər mərhələli şəkildə davam edəcək.

Bildirilir ki, bu il Yaxın Şərqdə artan gərginlik fonunda enerji təhlükəsizliyi məsələsi ön plana çıxıb. Ölkə daxilində özəl sektor ehtiyatlarından neft tədarükünə ötən həftə başlanılıb. Küveyt, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərindən Yaponiyada saxlanılan neft ehtiyatları da ölkənin 6 günlük istehlakına bərabər həcmdə istifadəyə verilib.

Yaponiyanın baş naziri Takaiçi Sanae qlobal enerji təchizatı üçün kritik əhəmiyyət daşıyan Hörmüz boğazındakı vəziyyətlə bağlı bildirib ki, “Asiya ölkələri ciddi çətinliklərlə üzləşir.” O, Yaxın Şərqdəki münaqişələrin qeyri-müəyyənliyinə diqqət çəkərək enerji təhlükəsizliyinin çox vacib olduğunu vurğulayıb.

Yaponiyanın neft idxalının 90%-dən çoxu Yaxın Şərqdən təmin olunur. Bu səbəbdən regiondakı hadisələr ölkənin enerji təminatı ilə bağlı narahatlıqlarını artırır. Yaponiya Neft Assosiasiyasının sədri Kito Şuniçi Tokioda İqtisadiyyat, Ticarət və Sənaye naziri Ryosei Akazawa ilə görüşündə may ayında da dövlət ehtiyatlarından daha çox neft buraxılmasını tələb edib.

Yaponiya orta hesabla 254 günlük daxili istehlaka bərabər olan təxminən 470 milyon barrel neft ehtiyatı ilə dünyanın ən böyük strateji neft ehtiyatına malik ölkələrindən biri hesab olunur.