“Xankəndi” FK yeni baş məşqçi xəbərlərinə aydınlıq gətirdi

“Xankəndi” FK yeni baş məşqçi xəbərlərinə aydınlıq gətirdi

Aytac Dəniz · İdman ·

“Xankəndi” FK-nın baş məşqçi Zaur Hacıyevlə yollarını ayırması və yeni baş məşqçi namizədləri ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

Bu barədə klubun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, bir sıra media resurslarında Zaur Hacıyevin vəzifəsindən ayrıldığı, Röyal Nəcəfov və Kamal Quliyevin isə baş məşqçi postuna namizəd olduğu barədə xəbərlərin yayıldığı bildirilib.

Klub qeyd edib ki, bu məlumatlar rəsmi şəkildə təsdiqlənməyib. Həmçinin adıçəkilən şəxslərin baş məşqçi vəzifəsinə namizədliyi ilə bağlı rəhbərlik tərəfindən hər hansı qərarın qəbul edilmədiyi vurğulanıb.

“Xankəndi” FK yayılan məlumatların klubun mövqeyi və rəsmi açıqlaması olmadan səsləndirilən iddialar olduğunu bildirib.

Qeyd olunub ki, klub adından yalnız “Xankəndi” FK-nın rəsmi kommunikasiya kanallarında yayımlanan məlumatlar mötəbər hesab olunur.

Klub baş məşqçi ilə bağlı hər hansı qərar qəbul ediləcəyi təqdirdə bunun yalnız rəsmi kanallar vasitəsilə ictimaiyyətə açıqlanacağını bildirib.

“Xankəndi” FK media nümayəndələrindən təsdiqlənməmiş məlumatları klubun mövqeyi kimi təqdim etməməyi və gələcək xəbərlərdə yalnız rəsmi mənbəyə istinad etməyi xahiş edib.