İstifadəçilər Windows 11 üçün yayımlanan KB5063878 adlı yeniləmənin kompüterlərdə ciddi nasazlıqlara səbəb olduğunu bildirirlər. Məlumatlara görə, yeniləmə quraşdırıldıqdan sonra sistemin açılmaması, disk bölmələrinin tanınmaması və məlumatların tam itməsi halları geniş şəkildə müşahidə olunur.
Redaksiya xəbər verir ki, şikayətlərdə xüsusilə SSD yaddaşlarının RAW formatına düşdüyü, məlumatların bərpasının isə mümkün olmadığı qeyd edilir. İstifadəçilər yeniləmənin avqust ayında yayımlandığını, lakin problemin hələ də rəsmi olaraq tanınmadığını bildirirlər.
İddialara əsasən, disk doluluğu 60 faizdən yuxarı olan kompüterlər daha çox zərər görür və sistem yenilənmədən dərhal sonra fəaliyyətini tam dayandırır. Yeganə çıxış yolunun yeniləmənin geri qaytarılması olduğu vurğulanır.
Mütəxəssislər baş verənlərin ciddi risk yaratdığını və istifadəçilərin ehtiyatlı davranmalı olduğunu qeyd edirlər. Microsoft-un məsələ ilə bağlı rəsmi açıqlama verməməsi narahatlıqları artırır.
