WhatsApp tətbiqinin yenilənmiş istifadəyə dair şərtləri nəticəsində OpenAI-nin ChatGPT və Microsoft-un Copilot xidmətləri gələn ildən etibarən platformadan çıxarılacaq. Hər iki şirkət bunun səbəbini Meta tərəfindən müəyyən edilmiş yeni tələblərlə izah edir.
Redaksiya məlumat verir ki, yenilənmiş qaydalar WhatsApp Business Solution çərçivəsində Meta tərəfindən yaradılmayan süni intellekt çatbotlarının platformada yayımını qadağan edir. Qaydalara əsasən, yalnız müştəri xidməti məqsədi daşıyan avtomatlaşdırılmış sistemlərə icazə veriləcək, süni intellektin birbaşa məhsul kimi təqdim edildiyi hallara isə məhdudiyyət tətbiq olunacaq.
Şirkətlərin açıqlamasına görə, xidmətlər 15 yanvar 2026-cı ilə qədər WhatsApp-da əlçatan olaraq qalacaq. ChatGPT istifadəçilərinə hesablarını tətbiqlə əlaqələndirməklə yazışma tarixçəsini qorumaq imkanı təqdim edilir, lakin Copilot istifadəçiləri üçün belə funksiya nəzərdə tutulmur. Bu dəyişiklik digər süni intellekt çatbotlarının da yaxın vaxtlarda WhatsApp-dan çəkilməsinə səbəb olacaq və gələn ildən etibarən yalnız Meta AI xidmətinin platformada qalacağı gözlənilir.
