Macarıstanın Baş naziri Viktor Orban, Ukrayna kəşfiyyat xidmətlərini ölkəsində planlaşdırılan referendumun qarşısını almağa yönəlmiş kampaniya təşkil etməkdə ittiham edib. O, bu bəyanatı Milli Müdafiə Şurasının iclasından sonra yayımladığı videomüraciətdə səsləndirib.
Redaksiya xəbər verir ki, Orbanın sözlərinə görə, Ukrayna xüsusi xidmət orqanları Macarıstan Silahlı Qüvvələrinin nüfuzunu sarsıtmağa cəhd göstərib. O iddia edir ki, bu fəaliyyətlər Ukraynanın dövlət strukturları və Macarıstandakı müxalifət partiyası “Tisza”nın koordinasiyalı şəkildə həyata keçirdiyi qaralama kampaniyasının bir hissəsidir.
“Ukraynanın xüsusi xidmət orqanları Macarıstanda planlaşdırılan referendumun qarşısını almaq üçün genişmiqyaslı informasiya hücumuna başlayıb,” – deyə Orban bildirib.
Baş nazir, Macarıstanın Ukraynanın Avropa İttifaqına üzvlüyü məsələsində qərarın Budapeştdə, xalqın iradəsi ilə verilməli olduğunu, Brüssel və ya Kiyevin buna müdaxilə edə bilməyəcəyini vurğulayıb.
Xatırladaq ki, son günlərdə Macarıstan və Ukrayna arasında diplomatik gərginlik yaşanır. Tərəflər qarşılıqlı olaraq bir neçə diplomatı “persona non grata” elan edərək ölkədən çıxarıb.
Orbanın bu açıqlamaları regionda siyasi proseslərin daha da gərginləşə biləcəyinə işarə edir. Kiyev tərəfindən isə məsələ ilə bağlı hələlik rəsmi reaksiya verilməyib.
Sevinc Kərimova
