Venesuela müxalifət lideri Mariya Korina Maçado ölkədə hakimiyyətin Edmundo Qonsales Urrutiyanın üzərinə götürülməli olduğunu bildirib. O, siyasi məhbusların azad ediləcəyini, ölkədə nizam-intizamın bərpa olunacağını və Nikolas Maduronun venesuelalılara və digər ölkə vətəndaşlarına qarşı törətdiyi ağır cinayətlərə görə məhkəmə qarşısına çıxarılacağını bəyan edib.
Redaksiya xəbər verir ki, Maçado ABŞ-nin beynəlxalq hüququn icrasına dair verdiyi vədi yerinə yetirdiyini, Maduronun danışıqlardan imtina etdiyini qeyd edib. O, xalqın suverenliyinin bərqərar olması üçün illərlə aparılan mübarizənin nəticə verdiyini, demokratik keçid prosesinə hazır olduqlarını və yeni administrasiyanın dərhal fəaliyyətə başlamalı olduğunu vurğulayıb.
Bununla yanaşı, ABŞ prezidenti Donald Tramp Venesuela müxalifət lideri Mariya Korina Maçadonun dəstəklənməyəcəyini açıqlayıb. O, Maçadonun ölkə daxilində yetərli hörmətə malik olmadığını deyərək, Nobel Sülh Mükafatı alması ilə bağlı yayılan məlumatlara baxmayaraq, Vaşinqtonun yeni dövrdə ona siyasi dəstək verməyəcəyini bildirib.
