Vaşinqton Kuba ətrafında hərbi aktivliyi gücləndirir

Vaşinqton Kuba ətrafında hərbi aktivliyi gücləndirir

Yulduz Səlimov · Media ·

ABŞ ordusu Kuba sahilləri yaxınlığında kəşfiyyat uçuşlarını kəskin şəkildə artırıb.

Redaksiya xəbər verir ki, CNN-in açıq aviasiya məlumatları əsasında apardığı təhlilə görə, fevralın 4-dən bəri ABŞ Hərbi Dəniz Qüvvələri və Hərbi Hava Qüvvələri Kuba yaxınlığında azı 25 kəşfiyyat uçuşu həyata keçirib.

Məlumata görə, uçuşların böyük hissəsi ölkənin ən böyük şəhərləri olan Havana və Santyaqo-de-Kuba yaxınlığında aparılıb.

Əsasən P-8A Poseidon dəniz patrul təyyarələrindən istifadə olunub. Bundan başqa, siqnal kəşfiyyatı üçün nəzərdə tutulan RC-135V Rivet Joint təyyarəsi və MQ-4C Triton kəşfiyyat dronları da bölgədə müşahidə edilib.

CNN qeyd edir ki, bu aktivlik həm sahilə yaxınlıq, həm də zamanlama baxımından diqqət çəkir. Fevraldan əvvəl Kuba ətrafında bu tip açıq görünən ABŞ kəşfiyyat uçuşları nadir hallarda qeydə alınırdı.

Hadisə Donald Tramp administrasiyasının Kubaya qarşı ritorikanı sərtləşdirməsi və sanksiyaları genişləndirməsi fonunda baş verir. Ağ Ev Kubanı ABŞ-ın milli təhlükəsizliyi üçün təhdid kimi qiymətləndirir.

Kuba rəsmiləri isə bu iddiaları rədd edərək ölkələrinin ABŞ üçün təhlükə yaratmadığını bildiriblər. Havana danışıqlara açıq olduğunu, lakin ABŞ hücumu olacağı təqdirdə uzunmüddətli partizan müharibəsi aparacağını xəbərdar edib.