Vahid Ələkbərovun qurduğu “LUKOIL”un beynəlxalq aktivləri satılır

Vahid Ələkbərovun qurduğu “LUKOIL”un beynəlxalq aktivləri satılır

Aytac Dəniz · Dünya ·

Amerikanın "Eldridge" investisiya şirkətinin rəhbərlik etdiyi konsorsium Rusiyanın "LUKOIL" şirkətinin beynəlxalq enerji aktivlərinə sahib olan "LUKOIL International GmbH" (LIG) şirkətini satın almaq barədə yekun saziş imzalayıb.

Bu barədə konsorsiumun məlumatında bildirilib.

"Eldridge" ilə yanaşı, konsorsiuma ABŞ Beynəlxalq İnkişaf Maliyyə Korporasiyası (DFC), Birləşmiş Ərəb Əmirliklərində yerləşən "Catena Investment Holding" və "Xtellus Partners" şirkətləri daxildir.

Məlumatda qeyd olunub ki, sövdələşmə strateji əhəmiyyətli beynəlxalq enerji aktivlərinin ABŞ və müttəfiq investorların nəzarətinə verilməsinə, enerji təhlükəsizliyinin gücləndirilməsinə və enerji resurslarının təchizatının sabitliyinin təmin edilməsinə yönəlib.

"Bu sövdələşmə LUKOIL şirkətinin Rusiyadan kənarda yerləşən və enerji zəncirinin müxtəlif mərhələlərini – neft və qaz hasilatından tutmuş neft emalı, boru kəməri infrastrukturu və satış əməliyyatlarınadək əhatə edən neft-qaz aktivlərinin satın alınmasını nəzərdə tutur. Aktivlər Qərbi və Cənub-Şərqi Avropa, Yaxın Şərq, Mərkəzi Asiya, Şimali Afrika, Sub-Sahara Afrikası və Şimali Amerika ölkələrində yerləşir.

LIG-nin hasilat müəssisələri 11 ölkədə fəaliyyət göstərir və gündəlik təxminən 350 min barel neft ekvivalentində hasilatı təmin edir. Portfelə həmçinin üç neft emalı zavodu daxildir: Balkanların ən böyük neft emalı zavodu olan Bolqarıstandakı "Burgas", Niderlanddakı "Zeeland" və Rumıniyadakı "Petrotel". Onların ümumi emal gücü gündəlik təxminən 350 min barel təşkil edir.

Bundan əlavə, LIG beynəlxalq ticarət şirkəti LITASCO-ya və Avropa, Şimali Amerika və Mərkəzi Asiyanın 16 ölkəsində 2 mindən çox yanacaqdoldurma məntəqəsinə sahibdir", - məlumatda bildirilib.

Qeyd olunub ki, aktivlər portfelinin satın alınması səhmlərin mübadiləsi yolu ilə həyata keçiriləcək. Konsorsium LIG-də 100 faizlik iştirak payı müqabilində dövriyyəsi məhdudlaşdırılmış Rusiya səhmlərini – "LUKOIL" ASC-nin və digər Rusiya şirkətlərinin səhmlərini təhvil verəcək.

Məlumatda vurğulanıb ki, sövdələşmənin bu strukturu Rusiyaya birbaşa pul ödənişlərini istisna edir. DFC ABŞ adından Amerika vergiödəyiciləri üçün ilkin xərc tələb olunmadan şirkətin mülkiyyətində pay əldə edəcək. Sövdələşmədən əldə olunan vəsait beş il müddətinə və ya sanksiyalar ləğv edilənədək xüsusi məhdudlaşdırılmış hesaba yerləşdiriləcək.

Sövdələşmə başa çatdıqdan sonra LIG-nin aktivləri "LUKOIL" ASC-nin mülkiyyətindən tamamilə ayrılacaq.

Bununla yanaşı, sövdələşmənin həyata keçirilməsi ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) şərti razılığının alınmasını, kompleks yoxlamanın başa çatdırılmasını, sövdələşmənin yekunlaşdırılması üçün digər şərtlərin yerinə yetirilməsini və tənzimləyici orqanlardan zəruri icazələrin alınmasını tələb edir.

Sövdələşmə başa çatdıqdan sonra konsorsium ilk növbədə aktivlərin sabit fəaliyyətini təmin etməyi, onların dəyərini və investisiyaları qorumağı, həmçinin neft emalı müəssisələrinin tam gücü ilə fəaliyyətini bərpa etməyi planlaşdırır.

Konsorsiumun aparıcı maliyyə məsləhətçisi qismində "Citi" şirkəti çıxış edir.

Trend