Uşaq zorakılığı: səssiz qalan cəmiyyətin ağır yükü

Uşaq zorakılığı: səssiz qalan cəmiyyətin ağır yükü

Sevinc Kərimova · Cəmiyyət ·

Uşaqlar hər birimizin kollektiv məsuliyyətidir. Onların fiziki və psixoloji təhlükəsizliyi yalnız valideynin deyil, bütöv cəmiyyətin öhdəliyidir. Lakin təəssüf ki, bəzi hallarda uşaqlar ən çox güvəndikləri insanlar tərəfindən istismara məruz qalır.

Zorakılığın ən ağır formalarından biri — uşağa qarşı cinsi xarakterli zorakılıqdır və çox zaman gizlədilir, tanınmır və ya susqunluqla qarşılanır. Bu isə uşağın emosional və psixoloji sağlamlığında dərin izlər buraxır.

Bu yalnız qızlara aid deyil.

Uşağa qarşı cinsi xarakterli zorakılıq yalnız qız uşaqlarını deyil, hər bir uşağı- cinsindən və yaşından asılı olmayaraq hədəfə ala bilər. Cinsiyyət, yaş, ailə vəziyyəti və sosial mühit heç biri uşağı tam şəkildə qorumağa kifayət etmir.

Əlamətləri necə tanıyaq?

Zorakılığa məruz qalan uşaq bunu hər zaman sözlə ifadə etmir. Lakin bədən dili və davranış dəyişiklikləri çox şeyi söyləyə bilər:
Qapanma, özünə çəkilmə
Gecə qorxuları, kabuslar
Bədənə toxunmaqdan qaçınma
Cinsiyyət orqanlarında ağrı və ya narahatlıq
Yaşına uyğun olmayan davranışlar və ya seksual xarakterli sözlər
Müəyyən böyüklərə qarşı güclü qorxu və ya itaətkarlıq.
Bu əlamətlər fərqli səbəblərlə də bağlı ola bilər, lakin yox sayılmamalı, diqqətlə araşdırılmalıdır.

Susmaq – razılaşmaq deyilmi?

Cinsi xarakterli zorakılığa məruz qalan uşaqlar çox vaxt danışa bilmirlər:
Utanırlar, qorxurlar, özlərini günahkar hiss edirlər və ya sadəcə inanan olmayacağından çəkinirlər. Ən təhlükəlisi isə, böyüklərin “şübhələndik, amma qarışmadıq” mövqeyidir.
Bu mövzuya yalnız hüquqi deyil, psixoloji və insani yanaşma ilə baxmaq vacibdir. Uşaq bir dəfə daxildə qırılırsa bu zədə illərlə sağalmaya bilər.
Valideynlərə və cəmiyyətə çağırış!

Uşaqlarınıza danışmaq haqqı və təhlükəsizlik hissi verin

“Ayıbdır”, “sakit ol”, “danışma” kimi ifadələrlə onların instinktiv siqnallarını boğmayın.
Davranışlarında dəyişiklik və ya narahatlıq hiss edirsinizsə, təxirə salmadan mütəxəssisə müraciət edin.

Baxmaqla yox, görməklə başlayır hər şey
Uşaq zorakılığı — yalnız hüquqi məsələ deyil, əxlaqi və sosial məsuliyyətdir. Biz susduqca, bu hallar davam edir. Hər bir yetkinin vətəndaş və insan kimi borcu — görmək, qorumaq və müdaxilə etməkdir.

Unutmayaq: uşaq danışmırsa, bu, heç nə olmur demək deyil.
Bəzən ən böyük təhlükə səssizlikdir.

Səbinə İsmayılova-psixoloq-viktimoloq-mediator