Ukrayna Silahlı Qüvvələri 1 iyun 2025-ci il tarixində Rusiyanın dərinliklərində yerləşən strateji hava bazalarına genişmiqyaslı pilotsuz uçuş aparatları (PUA) hücumu həyata keçirib. Əldə olunan məlumatlara görə, Belaya Hava Bazası da daxil olmaqla bir neçə obyektə zərbələr endirilib və Rusiyanın uzaqmənzilli bombardmançı təyyarələrinə ciddi ziyan dəyib.
Redaksiya xəbər verir ki, bu əməliyyat Ukraynanın Rusiya ərazisinə qarşı ən koordinasiyalı və güclü dron hücumlarından biri hesab olunur. Məqsəd Rusiya ordusunun uzaqmənzilli hava hücum qabiliyyətini zəiflətmək və Moskvanın müharibə dinamikasını dəyişdirmək idi. Sosial mediada yayılan qeyri-rəsmi görüntülərdə hədəfə alınan təyyarələrin partladığı və hava bazasında yanğın baş verdiyi görünür.
Hücumun miqyası və uğuru fonunda, paradoksal bir şəkildə, diplomatik səhnədə yeni bir cəhd də baş verir. Rusiya nümayəndə heyəti Ukrayna ilə barış müzakirələri aparmaq məqsədilə İstanbul şəhərinə yola çıxıb.
Ukraynanın bu strateji hücumu və eyni vaxtda Rusiya tərəfinin danışıqlara meyilli olması, bölgədəki müharibənin yeni mərhələyə daxil olduğunu göstərir. Bir tərəfdə səngiməyən döyüşlər, digər tərəfdə isə diplomatik kanalın açıq qalması münaqişənin həm genişlənmək, həm də diplomatik yolla çözülmək potensialını eyni anda ortaya qoyur.
Türkiyə bu prosesdə vasitəçi kimi çıxış etməyə davam edir və İstanbul danışıqlarının səmərəli alınacağına dair ümidlər qalmaqdadır. Lakin real nəticələrin əldə olunması üçün hər iki tərəfin həm hərbi sahədə, həm də masa arxasında paralel səmimiyyət göstərməsi vacibdir.
Sevinc Kərimova
