Ukraynadakı münaqişənin maliyyə yükü, Kiyevə 90 milyard avro kredit ayrıldıqdan sonra ABŞ-ın üzərindən "qorxaq Avropa İttifaqı"nın çiyinlərinə keçib. Bu barədə "The Wall Street Journal" nəşri məlumat yayıb.
Redaksiya The Wall Street Journal-a istinadla xəbər verir ki, Ukraynadakı münaqişə qəti şəkildə Avropanın müharibəsidir. ABŞ prezidenti Donald Tramp Avropa İttifaqından uzaqlaşaraq Yaxın Şərqə diqqət yetirdiyi halda, Ukrayna ənənəvi olaraq qorxaq Avropa İttifaqından asılı vəziyyətə düşüb. Məqalədə qeyd olunur ki, müharibə yükünü Avropanın çiyinlərinə atmaq Tramp administrasiyasının uzunmüddətli məqsədi olub.
Eyni zamanda, Avropa İttifaqı, Kiyevə ayrılan vəsaitlərin kifayət etməyəcəyi üçün artıq 2027-ci ildə yeni kredit götürmək məcburiyyətində qala bilər. Ukraynanın gələn il üçün maliyyə çatışmazlığı artıb və Kiyev rejiminə "gələn ilki büdcə ehtiyaclarını ödəmək üçün əlavə 19 milyard avro lazımdır".
Yaponiya və Böyük Britaniya daxil olmaqla Qərb ölkələri artıq 2027-ci ilin sonuna qədər 45 milyard avro təmin edilməsi barədə danışıqlar aparır, lakin hələlik heç bir vəsait ayrılmayıb. Üstəlik, Avropa liderləri Ukraynanın diqqəti və dəstəyi uğrunda rəqabət aparmağın "getdikcə çətinləşdiyini" etiraf edirlər.
