Üç azərbaycanlı tələbə milli süni intellekt modeli hazırlayıb - SIBA

Üç azərbaycanlı tələbə milli süni intellekt modeli hazırlayıb - SIBA

Fərid Əlizadə · Media ·

Xaricdə təhsil alan üç azərbaycanlı tələbə Azərbaycan dili üçün sıfırdan öyrədilmiş süni intellekt dil modeli hazırlayıb. “SIBA Oak 3.0” adlanan model 1,13 milyard parametrə malikdir və hazırda chat.siba.az ünvanında beta rejimində istifadəçilərin sınağına açıqdır.

Redaksiya xəbər verir ki, layihə Bakıda qeydiyyatdan keçmiş SIBA şirkətinin təsisçiləri tərəfindən həyata keçirilib. Komandanın məqsədi Azərbaycan dilini əsas dil kimi emal edən və yerli təşkilatların öz serverlərində istifadə edə biləcəyi süni intellekt texnologiyası yaratmaqdır.

Üç azərbaycanlı tələbə milli süni intellekt modeli hazırlayıb - SIBA - Şəkil 1

Modelin hazırlanmasında üç azərbaycanlı tələbə iştirak edib. Belçikanın Howest Tətbiqi Elmlər Universitetində təhsil alan Ağasəlim Mustafazadə modelin arxitekturası və öyrədilməsi üzrə çalışıb.

ABŞ-ın Massaçusets Universitetinin Boston kampusunda təhsil alan Teymur Eyvazov layihənin maliyyə və tərəfdaşlıq istiqamətlərinə cavabdeh olub. Şirkətin direktoru isə Belçikanın Hasselt Universitetində təhsil alan Ayhan Ələkbərzadədir.

Komandanın təqdim etdiyi məlumata əsasən, “SIBA Oak 3.0” hazır xarici süni intellekt modelinin uyğunlaşdırılması yolu ilə yaradılmayıb. Modelin bütün çəkiləri sıfırdan öyrədilib.

Təlim prosesi Azərbaycan, türk və ingilis dillərində ümumilikdə 30 milyard token həcmində mətn məlumatı əsasında aparılıb və noyabr ayında başa çatdırılıb.

Azərbaycan dilinin xüsusiyyətlərini daha dəqiq emal etmək məqsədilə komanda ayrıca tokenizator da hazırlayıb. Bu texnologiya mətnlərin model tərəfindən kiçik hissələrə ayrılması və emal edilməsi üçün istifadə olunur.

“SIBA Oak 3.0” Azərbaycan dilində 2 148 sualdan ibarət test vasitəsilə qiymətləndirilib. Sınaqların nəticələri siba.az/azbench səhifəsində ictimaiyyətə təqdim olunub.

SIBA komandasının açıqlamasına görə, model sıfırdan öyrədilmiş açıq Azərbaycan dilli modellər arasında həm parametr sayına, həm də test üzrə ümumi nəticəyə görə ilk sırada qərarlaşıb.

Layihənin yaradıcıları bildirirlər ki, hazırda geniş istifadə olunan böyük dil modellərinin əksəriyyəti xarici şirkətlər tərəfindən hazırlanır və əsasən ingilisdilli məlumatlarla öyrədilir. Nəticədə Azərbaycan dili həmin sistemlərdə çox vaxt ikinci dərəcəli dil kimi istifadə olunur.

Komandanın fikrincə, xarici süni intellekt xidmətlərindən asılılıq dövlət qurumları, banklar və təhsil müəssisələri üçün həm Azərbaycan dilində cavabların keyfiyyəti, həm də məlumatların məxfiliyi baxımından müəyyən çətinliklər yarada bilər.

“Azərbaycan dili süni intellektdə tərcümə olunan dil yox, modelin düşündüyü əsas dil olmalıdır. Məqsədimiz dövlət qurumlarının, bankların və məktəblərin öz serverlərində işlədə biləcəyi, Azərbaycan dilini əsas dil kimi bilən model yaratmaqdır”, – deyə SIBA komandası bildirib.

Layihənin əsas hədəflərindən biri təşkilatların süni intellekt sistemlərini xarici serverlərə müraciət etmədən öz infrastrukturunda işlədə bilməsidir. Bununla belə, modelin konkret qurumlarda tətbiqi və məlumat təhlükəsizliyi göstəriciləri barədə əlavə texniki qiymətləndirmələr açıqlanmayıb.

Hazırda “SIBA Oak 3.0” beta mərhələsindədir. İstifadəçilər modelin Azərbaycan dilində mətnləri anlamaq, sualları cavablandırmaq və müxtəlif tapşırıqları yerinə yetirmək imkanlarını chat.siba.az platformasında yoxlaya bilərlər.

Komanda növbəti mərhələdə layihəni genişləndirməyi və təxminən 3 milyard parametrdən ibarət daha böyük dil modeli hazırlamağı planlaşdırır.