“Tusi” Xeyriyyə Cəmiyyəti Prezident İlham Əliyevə təşəkkür etdi

“Tusi” Xeyriyyə Cəmiyyəti Prezident İlham Əliyevə təşəkkür etdi

Aytac Dəniz · Cəmiyyət ·

Ordubad ictimaiyyətinin həmrəyliyini və milli birlik ruhunu özündə birləşdirən “Tusi” Xeyriyyə Cəmiyyətinin İdarə Heyəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın Naxçıvan Muxtar Respublikasına birgə səfərini yüksək qiymətləndirib.

Cəmiyyət Prezident İlham Əliyevin Naxçıvana səfərini muxtar respublikanın ictimai-siyasi və sosial-iqtisadi həyatında yeni mərhələnin başlanğıcını şərtləndirən mühüm hadisə kimi dəyərləndirib.

“Tusi” Xeyriyyə Cəmiyyətinin yaydığı müraciətdə qeyd olunub ki, səfər çərçivəsində qarşıya qoyulan məsələlər və irəli sürülən təşəbbüslər Naxçıvanın hərtərəfli inkişafına, regionun potensialından səmərəli istifadəyə və əhalinin sosial rifahının yüksəldilməsinə xidmət edir.

Cəmiyyət həmçinin Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Prezident İlham Əliyevin imzaladığı Sərəncama görə dövlət başçısına dərin təşəkkürünü bildirib.

Ölkə başçısı İlham Əliyevin rəsmi saytında ünvanlanan müraciətdə vurğulanıb ki, Sərəncamda nəzərdə tutulan tədbirlər Naxçıvanın, o cümlədən qədim Ordubad rayonunun müasir inkişaf imkanlarının genişləndirilməsinə və əhalinin həyat səviyyəsinin yüksəldilməsinə mühüm töhfə verəcək.

“Tusi” Xeyriyyə Cəmiyyəti Naxçıvanın gələcək inkişafında yeniliklərin və müasir yanaşmaların tətbiqinin, sosial-iqtisadi proseslərin müasir tələblərə uyğunlaşdırılmasının regionun uzunmüddətli tərəqqisi baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib.

Müraciətin sonunda Ordubad ictimaiyyəti adından Prezident İlham Əliyevə Naxçıvan Muxtar Respublikasına göstərdiyi yüksək diqqət və qayğıya görə minnətdarlıq ifadə olunub, dövlət başçısına möhkəm cansağlığı və fəaliyyətində uğurlar arzulanıb.

Müraciət “Tusi” Xeyriyyə Cəmiyyətinin İdarə Heyəti adından Yəhya Babanlı tərəfindən imzalanıb.