Türkiyənin müdafiə naziri Yaşar Güler Suriyada baş verən proseslərlə bağlı mövqeyini açıqlayaraq, Suriya hökumətinin Hələb şəhərində həyata keçirdiyi antiterror əməliyyatını müsbət qiymətləndirdiklərini bildirib.
Redaksiya xəbər verir ki, nazirin sözlərinə görə, Suriya hökuməti bütün etnik qruplar üçün bərabərlik prinsipinə əsaslanaraq ictimai asayişin və vətəndaşların təhlükəsizliyinin təmin olunması məqsədilə Hələbdə terrora qarşı əməliyyata başlayıb.
Yaşar Güler qeyd edib ki, bütün terror qruplarını hədəf alan bu əməliyyat Türkiyə tərəfindən anlayışla qarşılanır və dəstəklənir. Onun sözlərinə görə, Suriyanın təhlükəsizliyi Türkiyənin təhlükəsizliyi kimi qəbul olunur.
Nazir əlavə edib ki, “bir dövlət, bir ordu” prinsipi əsasında Suriyanın ərazi bütövlüyü və birliyinə hörmət göstərilməklə terror təşkilatlarına qarşı mübarizədə Suriyaya dəstək davam etdiriləcək.
