Türkiyənin ədliyyə naziri Akın Gürlek sosial media platformalarına girişlə bağlı mühüm açıqlamalar verib. Nazir bildirib ki, bundan sonra istifadəçilər sosial şəbəkələrə şəxsiyyət vəsiqəsi ilə daxil olmaq məcburiyyətində qalacaqlar.
Redaksiya xəbər verir ki, nazir Akın Gürlek bu qərarın sosial media təminatçıları ilə əldə edilmiş razılaşmanın nəticəsi olduğunu vurğulayıb. O qeyd edib ki, istifadəçilər artıq Türkiyə şəxsiyyət vəsiqəsi nömrələrindən istifadə edərək sosial şəbəkələrə daxil ola biləcəklər.
Bu yeni tətbiq sosial media platformalarında şəffaflığı artırmaq və istifadəçilərin məsuliyyətini gücləndirmək məqsədi daşıyır. Qeyd olunan dəyişikliklərin yaxın gələcəkdə qüvvəyə minməsi gözlənilir və bu, ölkədə rəqəmsal sahədə ciddi yenilik hesab olunur.
