Türkiyənin Kocaeli bölgəsinə dünən pilotsuz uçuş aparatının düşməsindən sonra Balıkesirin Manyas rayonunda da oxşar hadisə qeydə alınıb. İlkin məlumatlara görə, PUA boş əraziyə düşüb və hadisə zamanı xəsarət alan olmayıb.
Redaksiya Sözcü gazetesi istinadla xəbər verir ki, Manyas rayonunda aşkarlanan pilotsuz uçuş aparatı təhlükəsizlik qüvvələri tərəfindən nəzarətə götürülüb. Hadisə yerində müvafiq araşdırma və təhlükəsizlik tədbirləri həyata keçirilib.
Məlumata əsasən, bu hadisə son bir həftə ərzində Türkiyə ərazisinə düşən üçüncü pilotsuz uçuş aparatı kimi qeydə alınıb. Daha əvvəl də oxşar hadisələr barədə məlumat yayılmışdı.
Rəsmi qurumlar PUA-ların mənşəyi və düşmə səbəbləri ilə bağlı araşdırmaların davam etdiyini bildirir. Hadisələrin təhlükəsizlik aspektləri diqqətlə qiymətləndirilir.
