Trampın yeni Qızıl Kart vizasının yalnız bir nəfərə təsdiqləndiyi ortaya çıxdı

Trampın yeni Qızıl Kart vizasının yalnız bir nəfərə təsdiqləndiyi ortaya çıxdı

Fərid Əlizadə · Media ·

ABŞ prezidenti Donald Trampın yeni "qızıl kart" vizası, ABŞ-da yaşayış icazəsi üçün ən azı 1 milyon dollar məbləğində xərc tələb etməsinə baxmayaraq, indiyədək yalnız bir nəfər üçün təsdiqlənib. Bu məlumatı Ticarət naziri Hovard Lutnik açıqlayıb.

Redaksiya məlumat verir ki, 11 dekabr tarixində Tramp administrasiyası 1 milyon dollarlıq "qızıl kart"la sürətləndirilmiş viza proqramına start verib. ABŞ administrasiyası tərəfindən tətbiq edilən "Tramp Qızıl Kartı" xarici ərizəçilərə 1 milyon dollar müqabilində sürətləndirilmiş viza prosesi və uzunmüddətli perspektivdə vətəndaşlıq əldə etmək imkanı təklif edir.

ABŞ prezidenti Donald Tramp Truth Social platformasında etdiyi paylaşımda bildirib ki, bu kart təhlükəsizlik yoxlamasından keçənlər üçün vətəndaşlığa birbaşa yol təmin edəcək. "Tramp Qızıl Kartı" ərizəçinin ölkəyə əhəmiyyətli faydalar gətirəcəyi şərti ilə verilən xüsusi bir viza növü kimi təsvir edilir. Proqram çərçivəsində yaxın zamanda 5 milyon dollar dəyərində, xüsusi vergi üstünlükləri təklif edən "platin" versiyasının da istifadəyə veriləcəyi elan edilib.