ABŞ-ın Virciniya ştatı və paytaxt Vaşinqtonun yerləşdiyi Kolumbiya dairəsi Prezident Donald Trampın tikdirməyi planlaşdırdığı nəhəng zəfər tağı layihəsinə qarşı məhkəmə iddiası qaldırıb. Yerli hakimiyyət orqanları tikintinin dayandırılmasını tələb edərək layihənin nəqliyyata, ətraf mühitə və ictimai təhlükəsizliyə ciddi zərər vuracağını bildirirlər. Bu barədə Associated Press (AP) agentliyi məlumat yayıb.
Redaksiya mənbəyə istinadən xəbər verir ki, Tramp ABŞ-ın Müstəqillik Bəyannaməsinin qəbul edilməsinin 250-ci ildönümü münasibətilə Vaşinqtonda 250 fut (təxminən 76 metr) hündürlüyündə monumental zəfər tağı inşa etdirməyi təklif edib.
Layihəyə əsasən, abidə Potomak çayı yaxınlığında, Vaşinqtonu Virciniya ştatındakı Arlinqton Milli Qəbiristanlığı ilə birləşdirən körpünün ətrafında yerləşəcək.
Tramp administrasiyası tikinti işlərinə noyabrın 5-dən başlamağı planlaşdırır. Lakin bunun üçün müvafiq federal qurumların yekun razılığı tələb olunur.
Virciniya və Kolumbiya dairəsinin baş prokurorları məhkəməyə müraciət edərək tikintinin qanuni prosedurlar tamamlanmadan həyata keçirilməsinə qarşı çıxıblar.
İddiaçıların fikrincə, layihə Konqresin müvafiq icazəsi olmadan irəli aparılır və tələb olunan ekoloji və şəhərsalma qiymətləndirmələri tam həyata keçirilməyib.
Məhkəmə sənədlərində tikintinin üç il davam edə biləcəyi və bu müddətdə paytaxtla Virciniya arasında nəqliyyatın hərəkətinə ciddi maneələr yaradacağı bildirilir.
“Üçillik tikinti dövründə tağ layihəsi iki ərazi arasında nəqliyyatın hərəkətini qaçılmaz şəkildə çətinləşdirəcək, Potomak çayının çirklənməsinə və yağış sularının axını ilə bağlı problemlərə səbəb olacaq, təcili yardım xidmətlərinin fəaliyyətinə maneçilik törədəcək və çoxsaylı digər çətinliklər yaradacaq”, – deyə iddia ərizəsində qeyd olunur.
Layihəyə qarşı daha əvvəl də məhkəmə iddiaları qaldırılıb. Vyetnam müharibəsinin üç veteranı və tarixi irsin mühafizəsi üzrə mütəxəssis abidənin Arlinqton Milli Qəbiristanlığının tarixi və simvolik görünüşünə zərər vuracağını bildiriblər.
Arlinqton dairəsinin yerli hakimiyyəti də ayrıca hüquqi prosedura başlayıb. Beləliklə, layihə ilə bağlı tikinti işlərinin dayandırılmasını tələb edən üç məhkəmə iddiası mövcuddur.
İşlərə baxan federal hakim Tanya Çatkan tikintinin müvəqqəti dayandırılması məsələsini nəzərdən keçirir.
Tramp administrasiyası isə layihəni müdafiə edərək abidənin turizm və milli təhlükəsizlik baxımından əhəmiyyətli olacağını bildirib.
Prezident Donald Tramp zəfər tağını həm memarlıq baxımından gözəl, həm də hərbi məqsədlər üçün faydalı obyekt kimi təqdim edib. Layihədə müşahidə meydançası və digər yardımçı sahələrin yaradılması da nəzərdə tutulur.
Bununla belə, tikintinin başlanmasına dair yekun hüquqi qərar verilməyib. Məhkəmənin mümkün məhdudlaşdırıcı qərarı administrasiyanın noyabrın 5-də işlərə başlamaq planına təsir göstərə bilər.
