Trampın hesabları Meta və SpaceX-ə milyonlarla yatırım edib

Trampın hesabları Meta və SpaceX-ə milyonlarla yatırım edib

Fərid Əlizadə · Media ·

ABŞ Prezidenti Donald Trampın investisiya hesabları avqust ayında Meta səhmlərinə 25 milyon dollaradək, SpaceX istiqrazlarına isə 5 milyon dollaradək yatırım edib. Məlumat prezidentin ABŞ Hökumət Etikası İdarəsinə təqdim etdiyi yeni maliyyə bəyannaməsində yer alıb. Bu barədə CNBC məlumat yayıb.

Redaksiya istinadla xəbər verir ki, avqust üzrə açıqlamada ümumilikdə 517 alış və satış əməliyyatı göstərilib. Onların ümumi dəyəri təxminən 74,3 milyon dollardan 273,3 milyon dollaradək qiymətləndirilir.

Ayın ən böyük əməliyyatı avqustun 21-də həyata keçirilən Meta səhmlərinin alışı olub. Bəyannamədə əməliyyatın dəqiq məbləği deyil, 5 milyon dollardan 25 milyon dollaradək interval göstərilib.

Trampın hesabları avqustun 18-də SpaceX-in 2031-ci ildə ödəniləcək, illik 5,35 faiz gəlirli təminatsız istiqrazlarından 1-5 milyon dollar dəyərində alıb. İki gün sonra, avqustun 20-də Tramp ABŞ-da kommersiya kosmik buraxılışlarının genişləndirilməsini nəzərdə tutan yeni siyasət sənədini imzalayıb.

SpaceX NASA və Pentaqonun əsas podratçılarından biridir və ABŞ-ın kommersiya kosmik fəaliyyətinin genişləndirilməsindən faydalana biləcək şirkətlər sırasındadır.

Ağ Ev Trampın bu əməliyyatları şəxsən idarə etmədiyini bildirir. Administrasiyanın açıqlamasına görə, prezidentin investisiya portfeli üçüncü tərəf maliyyə institutları və avtomatlaşdırılmış investisiya modelləri tərəfindən idarə olunur və Trampın, yaxud ailə üzvlərinin konkret alqı-satqı qərarlarına müdaxiləsi yoxdur.