Trampın Grok-dan istifadə etməsi ABŞ-da narahatlıq yaradıb

Trampın Grok-dan istifadə etməsi ABŞ-da narahatlıq yaradıb

Aytac Dəniz · Media ·

ABŞ Prezidenti Donald Trampın mühüm dövlət məsələlərini müzakirə edərkən İlon Maskın Grok süni intellekt sistemindən istifadə etdiyi barədə məlumatlar Vaşinqtonda narahatlıq yaradıb. Demokrat konqresmenlər prezidentin süni intellektlə yazışmalarının qorunmasını və bu texnologiyaların dövlət qərarlarına mümkün təsirinin araşdırılmasını tələb edirlər. Bu barədə POLITICO nəşrinin əldə etdiyi məktuba və TIME jurnalının araşdırmasına istinadən məlumat yayılıb.

Redaksiya mənbələrə istinadən xəbər verir ki, Tramp 2025-ci ilin dekabrında Ağ Evin Oval kabinetində İlon Maskla keçirdiyi görüş zamanı saatlarla Grok çatbotuna müxtəlif suallar ünvanlayıb. Suallar onun prezidentlik fəaliyyəti, siyasi irsi və beynəlxalq məsələlərlə bağlı olub.

TIME jurnalının görüşdə iştirak edən mənbəyə istinadən yaydığı məlumata görə, Trampın suallarından biri Venesuela Prezidenti Nikolas Maduronun ABŞ hərbçiləri tərəfindən ələ keçirilməsinə ölkə əhalisinin necə reaksiya verəcəyi barədə olub.

İddiaya əsasən, Grok Maduronu repressiv və populyar olmayan lider kimi xarakterizə edərək onun hakimiyyətdən uzaqlaşdırılmasının venesuelalıların əhəmiyyətli hissəsi tərəfindən müsbət qarşılanacağını bildirib.

2026-cı il yanvarın 3-də ABŞ hərbçiləri Venesuelada əməliyyat keçirərək Maduronu saxlayıb və ABŞ-a aparıblar.

Əməliyyatdan sonra bəzi venesuelalıların Maduronun saxlanılmasını qeyd etməsi Trampın Grok-un cavabından təsirlənməsinə səbəb olub. Məlumata görə, ABŞ Prezidenti çatbotun verdiyi qiymətləndirməni yüksək dəyərləndirib.

Bununla belə, Trampın hərbi əməliyyat barədə qərarı məhz Grok-un tövsiyəsi əsasında qəbul etdiyini təsdiqləyən sübut təqdim edilməyib. Nəşrin məlumatında çatbotun Maduronun saxlanılmasını birbaşa tövsiyə etdiyi də göstərilmir.

Hadisə ABŞ Konqresində müzakirələrə səbəb olub. Nümayəndələr Palatasının Ədliyyə Komitəsində demokratların aparıcı nümayəndəsi Ceymi Raskin və Nəzarət Komitəsində demokratların aparıcı nümayəndəsi Robert Qarsiya Trampa rəsmi məktub göndəriblər.

Konqresmenlər prezidentin və Ağ Ev əməkdaşlarının Grok, ChatGPT, Claude, Gemini və digər süni intellekt sistemləri ilə xidməti yazışmalarının qorunmasını tələb ediblər.

Onların fikrincə, dövlət vəzifələrinin icrası zamanı süni intellektə göndərilən sorğular və alınan cavablar prezident administrasiyasının rəsmi sənədləri hesab olunmalı və qanunvericiliyə uyğun saxlanılmalıdır.

Demokratlar belə yazışmaların itirilməsinin dövlət qərarlarının hansı məlumatlar əsasında qəbul edildiyini sonradan müəyyənləşdirməyi çətinləşdirə biləcəyini bildirirlər.

Konqresmenlər həmçinin məxfi və həssas məlumatların özəl şirkətlərə məxsus süni intellekt sistemlərində emal edilməsinin milli təhlükəsizlik üçün risk yarada biləcəyindən narahatdırlar.

Onların məktubunda süni intellekt modellərinin səhv məlumatlar təqdim edə bilməsi və texnologiyanı idarə edən şirkətlərin sistemin cavablarına təsir göstərmək imkanları da xüsusi vurğulanıb.

Raskin və Qarsiya Ağ Evdən prezidentin süni intellekt istifadəsi, məlumatların saxlanması, kibertəhlükəsizlik tədbirləri və üçüncü tərəflərin bu məlumatlara mümkün çıxışı barədə qapalı brifinq tələb ediblər.

Brifinqin noyabrın 11-dək keçirilməsi istənilib.

Ağ Ev rəsmisi isə qanunla qorunması tələb olunan prezident sənədlərinin müvafiq qaydada saxlanıldığını bildirib.

Qeyd edək ki, Trampın qanunların hazırlanması, fərmanların imzalanması və digər dövlət qərarlarının hamısını süni intellekt vasitəsilə qəbul etdiyinə dair təsdiqlənmiş məlumat yoxdur.

Hazırkı müzakirələr prezidentin Grok-dan istifadə etməsi barədə yayılan konkret məlumatlar və dövlət idarəçiliyində süni intellektin şəffaflığı ilə bağlı hüquqi narahatlıqlar ətrafında aparılır.