ABŞ-ın Federal Təhqiqat Bürosu (FBI) daxilində fəaliyyət göstərən xüsusi bir qrupun, milyarder Cefri Epşteynlə bağlı sənədlərdən ABŞ Prezidenti Donald Trampın adını sildiyi iddia olunur.
Redaksiya xəbər verir ki, Bloomberg TV-nin yaydığı məlumata əsasən, Epşteynin uşaqlara qarşı istismar şəbəkəsi ilə əlaqələndirilən sənədlərinin təhlili zamanı Trampın adı “xüsusi vətəndaş” statusu ilə qorunmalı olduğu əsas gətirilərək arxivlərdən çıxarılıb. Eyni səbəbdən bir neçə başqa “önəmli” şəxsin adı da sənədlərdən senzura edilib.
Təxminən 100 min sənədin təhlil edildiyi, bəzilərində Tramp və Epşteyn arasında keçmişdəki əlaqələrə dair qeydlərin olduğu bildirilir. Lakin bu məlumatların çoxu “doğrulanmamış şayiə” kimi qiymətləndirildiyindən ictimaiyyətlə paylaşılmayıb.
Məlumata görə, FBI rəhbərliyi bu sənədlərin hansı hissələrinin açıqlanacağına dair agentlərə xüsusi göstərişlər verib. Göstərişlərin əsas məqsədi bəzi adların qorunması olub.
ABŞ Senatının Ədliyyə Komitəsində təmsil olunan demokratlar isə məsələ ilə bağlı Ədliyyə Nazirliyinə çağırış edərək, Trampa dair ifadələrin saxlandığı xüsusi sənədin dərhal ictimaiyyətə təqdim edilməsini tələb ediblər.
Hələlik nə FBI, nə Ağ Ev, nə də Ədliyyə Nazirliyi bu iddialarla bağlı rəsmi açıqlama verməyib. Lakin bu iddiaların Konqres müzakirələrinə çıxarılması, Epşteyn işi ilə əlaqəsi olan yüksək səviyyəli şəxslərin yenidən gündəmə gəlməsinə səbəb olub.
Sevinc Kərimova
