ABŞ prezidenti Donald Tramp texnologiya milyarderi İlon Maskla bağlı yeni açıqlaması ilə gündəmə gəlib. O, NBC News-a verdiyi telefon müsahibəsində bildirib ki, əgər Mask Respublikaçıların dəstəklədiyi büdcə qanununa səs verən senatorlara qarşı Demokrat namizədləri maliyyələşdirsə, bunun “çox ciddi nəticələri” olacaq.
Redaksiya xəbər verir ki, Tramp bu fikirləri jurnalistə verdiyi açıqlamada səsləndirib. O, Maskın Demokrat namizədlərə dəstək verməsinin siyasi cəza ilə nəticələnəcəyini deyib: “Əgər bunu etsə, nəticələrini ödəməli olacaq”, – deyə Tramp bildirib. Bununla belə, prezident bu nəticələrin nədən ibarət olacağını açıqlamayıb.
Tramp müsahibədə həmçinin qeyd edib ki, İlon Maskla şəxsi münasibətlərinin artıq bitdiyini düşünür. Onların münasibətləri son həftələrdə gərginləşib və tərəflər qarşılıqlı tənqidlər səsləndiriblər. Bu fon siyasi və iqtisadi çevrələrdə Tramp–Mask münasibətinin gələcəyi ilə bağlı ciddi müzakirələrə səbəb olub.
Sevinc Kərimova
